Azərbaycanın xarici siyasətində yeni istiqamətlər

Tokio, 18 fevral , /AJMEDIA/

Azərbaycan xalqı 2024-cü ilin fevralın 7-də öz seçimini edərək ölkəmizin daxili və xarici siyasətində son 20 il ərzində əldə olunmuş uğurların davamına səs verdi. Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində elan etdiyi kimi, əvvəlki dövrdə qarşıya qoyulmuş əsas hədəflərə nail olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu nailiyyət bir çox geosiyasi güclərin təzyiqi və təxribatına baxmayaraq mümkün oldu. Xalqımızın sarsılmaz vətənpərvərliyi, dövlət və xalq birliyi və həmrəyliyi sayəsində böyük tarixi missiyanın öhdəsindən layiqincə və qəhrəmanlıqla gəlindi.

Bunu AJMEDIA-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov söyləyib.

O bildirib ki, sonuncu prezident seçkilərindən sonra başlayan yeni dövrdə artıq ölkəmiz daha əmin bir şəkildə öz milli maraqlarını təmin edəcək. Dövlətimizin başçısı bu dövrdə xarici siyasətimizin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Ümumi olaraq, bu vəzifələr Azərbaycanın xarici siyasətinin şaxələndirilməsini və beynəlxalq miqyasda nüfuzunun artırılmasından ibarətdir.

V.Hüseynov qeyd edib ki, getdikcə kəskinləşən qlobal rəqabət və konfrontasiya fonunda Azərbaycan üçün əsas hədəflərdən biri Prezidentin “öz ailəmiz” adlandırdığı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın dərinləşdirilməsini və müttəfiqlik əlaqələrinin gücləndirilməsini nəzərdə tutur. Bu gün Türk dünyası beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm geosiyasi və geoiqtisadi çəkiyə malikdir. TDT-nin üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Üzv dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 faizə qədəri, ticarət dövriyyəsinin 2,4 faizini Türk Dövlətləri Təşkilatına üzv ölkələr əhatə edir. “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, deyən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin bundan sonrakı 7 il ərzində məhz bu istiqaməti inkişaf etdirməyə köklənməli olduğunu açıqladı.

“Bundan əvvəlki mərhələdə olduğu kimi, gələcək illərdə də ölkəmizin milli maraqlarının müdafiəsi və sərhədlərimizin təhlükəsizliyinin qorunub saxlanılması üçün vətənpərvərliyin və həmrəyliyin mühafizəsi xüsusi əhəmiyyət daşıyacaq. Buna görə təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimində bu məqamlara xüsusi diqqət ayırdı. Prezident xüsusi olaraq ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən gələn ideoloji basqılara davamiyyətinin artırılması, bunun aparıcı komponenti kimi gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması vəzifələrinə toxundu. Heç şübhəsiz ki, bu amillər yeni dövrdə qlobal siyasi risklər və təhdidlərə qarşı ölkəmizin stabilliyinin və əmin-amanlığının təminatı üçün həlledici rol oynayacaq”, – deyə V.Hüseynov vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts