Tokio, 07 iyul, /AJMEDIA/
İyulun 7-də ADA Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi keçirilib.
AJMEDIA xəbər verir ki, açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycanın xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil edilib.
İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar barədə müzakirələr aparılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edilib, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
İyulun 7-9-da davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyalarının təşkili nəzərdə tutulur.
9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək.