Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

Tokio, 2 iyun , /AJMEDIA/

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, görüşdə Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

Öz növbəsində doktor Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də təşkilatın Azərbaycanla birgə layihələrin uğurla reallaşdırılacağına əminlik ifadə edib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbrik edən ÜST-nin Baş direktoru mötəbər tədbirdə iştiraka dəvətinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi vurğulayan doktor Tedros Adhanom Qebreyesus noyabr ayında keçiriləcək COP29-da iştirakını səbirsizliklə gözlədiyini qeyd edib.

Sonda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts