Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi illəri təşkilatın “qızıl dövrü”dür

Tokio, 14 iyul , /AJMEDIA/

Qoşulmama Hərəkatının (QH) özünəməxsus tarixi var və Azərbaycanın Hərəkata sədrlik illəri çox mühüm bir mərhələdir. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyə başladıqdan sonra qurumun fəaliyyətində xüsusi canlanma hiss olunur, təşkilatın beynəlxalq arenada nüfuzu getdikcə artır. Ona görə də əminliklə deyə bilərik ki, bu, Qoşulmama Hərəkatının tarixində “qızıl dövr”dür.
Danılmaz faktdır ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq irəli sürdüyü təşəbbüslər, ilk növbədə, həmrəyliyin, qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə, bir sözlə, qurumun institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında da vurğulandığı kimi, belə bir inkişaf strategiyası dünyada hazırda müşahidə olunan qlobal qütbləşmənin, ərzaq, enerji və digər humanitar böhranların, habelə müharibələrin qarşısını almaq, mürəkkəb, münaqişəli vəziyyətlərdən daha az itki ilə çıxmaq üçün təsirli ola bilər.
Bu fikirləri AJMEDIA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri deyib: “Qürurla vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Şəbəkəsinin yaradılması çox önəmli təşəbbüslərdir. Bunlar təşkilatın institusional inkişafı üçün son illər atılmış təqdirəlayiq və səmərəli addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Hərəkatın Dəstək Ofisinin yaradılmasıdır”.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında mühüm mövzulara diqqət çəkdi və qurumun yol xəritəsini müəyyənləşdirdi. BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatı getdikcə daha faydalı, səmərəli platforma olmaqdadır. Parlament Şəbəkəsinin yaradılması isə müxtəlif parlament qurumları ilə işbirliyini inkişaf etdirmək baxımından çox faydalıdır.
Azərbaycanın Hərəkata sədrliyinin beynəlxalq səviyyədə həmrəyliyə daha çox ehtiyac duyulduğu dövrə düşdüyünü deyən Q.Paşayeva bildirib ki, ölkəmiz COVID-19 pandemiyası ilə mübarizədə öz baxışını ortaya qoyaraq bu istiqamətdə fəallıq göstərdi. Ağır xəstəliklə mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının onlayn Zirvə Toplantısı keçirildi, vacib müzakirələr aparıldı. Azərbaycan təşkilatın sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, ayrı-seçkiliyə qarşı mübarizə formulunu ortaya qoydu.
Komitə sədri bildirib ki, Hərəkata üzv ölkələr Azərbaycanın öz haqq işinin müdafiəsində və tarixi Zəfərinin beynəlxalq səviyyədə qəbul olunmasında töhfələrini əsirgəmədilər. Otuz il dünyada çox böyük ədalətsizliklə üzləşmiş ölkə olaraq Azərbaycan üçün bunun mənəvi dəyəri hüquqi, siyasi, diplomatik əhəmiyyətindən az deyil. Necə deyərlər, heç nə unudulmur. Ermənistanın Azərbaycan torpaqlarını uzunmüddətli işğalı faktı yalnız ölkəmizə deyil, bütövlükdə regiona mənfi təsirlərini göstərir, kommunikasiyaları bloklayır, yüz minlərlə insanın ən sadə hüquqlarını kobud surətdə pozurdu. Bu səbəbdən də Azərbaycanın Ermənistan üzərində Qələbəsi bir ölkənin deyil, beynəlxalq sülhü, ədaləti dəstəkləyən dövlətlərin Zəfəridir.
“Ədalət hər zaman zəfər çalır. Azərbaycan da haqq işi uğrunda mübarizədə ədaləti bərpa edərək adını qalib ölkə kimi tarixə yazdırdı. Biz Qoşulmama Hərəkatının, bir sıra digər beynəlxalq qurumların və ədalətli ölkələrin haqq işimizə dəstəyini heç vaxt unutmayacağıq”, – deyə Qənirə Paşayeva vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts