Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub

Tokio, 1 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə London şəhərinin ən möhtəşəm tarixi məkanlarından biri olan “Lancaster House”da təntənəli ziyafət keçirilib.

AJMEDIA xəbər verir ki, 500 nəfərdən çox qonağın qatıldığı tədbir Londonda yaşayan həmyerlimiz istedadlı müğənni Emin Eminzadənin ifasında Azərbaycan və Böyük Britaniyanın Dövlət himnlərinin və Müslüm Maqomayevin “Azərbaycan” kompozisiyasının səsləndirilməsi ilə başlayıb.

Səfir Elin Süleymanov tədbirdə iştirak üçün İrlandiyadan gəlmiş Azərbaycanın Dublin şəhərində yeni təyin olunmuş və ilk fəxri konsulu Terry Leydeni qonaqlara təqdim edib.

Sonra səfir Müstəqillik Günü ilə yanaşı, Silahlı Qüvvələr Gününün də qeyd edildiyini bildirərək, bu gün Azərbaycanda mülki əhalinin əmin-amanlıq şəraitində yaşamasının məhz qəhrəman hərbçilərimizin sayəsində mümkün olduğunu vurğulayıb və Azərbaycan xalqının silahlı qüvvələrin hər bir fərdinə minnətdar olduğunu bildirib. Səfir Azərbaycan Ordusunun müzəffər olmaqla yanaşı, beynəlxalq humanitar hüquqa uyğun şəkildə, ləyaqətlə torpaqlarımızı işğaldan azad etdiyini və bununla da dünyada örnək olduğunu vurğulayıb.

Elin Süleymanov XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının həmin dövrün çağırışlarına cavab verən mütərəqqi dövlət qurduqlarını vurğulayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müasir dövrün ən əhəmiyyətli çağırışlarına cavab verdiyini, bu xüsusda Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizə aparan ölkələrin ön sırasında olduğunu diqqətə çatdırıb.

Səfir, həmçinin çıxışında Azərbaycan və Britaniya arasında mövcud etibarlı tərəfdaşlıqdan bəhs edib. Ənənəvi enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji sahəsində birgə layihələrin həyata keçirildiyini, bu xüsusda BP şirkətinin aparıcı rol oynadığını vurğulayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında və minatəmizləmə fəaliyyətində Britaniya şirkətlərinin yaxından iştirakını diqqətə çatdırıb. O, Böyük Britaniyanın Cənubi Qafqaz regionunda inteqrasiya prosesinin, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatının təşəbbüslərini dəstəklədiyini xüsusi vurğulayıb.

E.Süleymanov çıxışında cari ilin noyabrında Azərbaycanda COP29-a ev sahibliyi etməyin böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. COP29-un Cənubi Qafqaz üçün ilk olduğunu qeyd edən səfir, bu tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycan-Ermənistan sülh danışıqları prosesinin ilkin və ən əhəmiyyətli nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Səfir iki ölkənin heç vaxt sülhə bu qədər yaxın olmadığını qeyd edib və sərhədlərin delimitasiyasına başlanmasının sülhün tezliklə əldə olunmasına böyük inam yaratdığını vurğulayıb.

Daha sonra çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri səfir Kristofer Allan Azərbaycan dilində Müstəqillik Günümüzü təbrik edib. O, qlobal təhdidlərə qarşı mübarizədə Azərbaycanın və Britaniyanın çiyin-çiyinə mübarizə apardığını vurğulayıb. İki ölkə arasında sıx ticarət əlaqələrinin mövcudluğunu bildirən K.Allan ikitərəfli münasibətlərin zəngin gündəliyə malik olduğunu qeyd edib, yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin həyata keçirildiyini, ötən il Avropa üzrə dövlət nazirinin iki dəfə Azərbaycanda səfərdə olduğunu, ölkələrimiz arasında strateji dialoqun keçirildiyini diqqətə çatdırıb. O, Britaniya Hökumətinin Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəklədiyini qeyd edib, sərhədlərin delimitasiyasına başlanmasını alqışladıqlarını bildirib. COP29-a hazırlıq prosesində Azərbaycana uğurlar arzulayıb və Britaniyanın bu sahədə təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib.

Daha sonra tədbir musiqili proqramla davam edib.

Tədbir çərçivəsində Azərbaycanda istehsal olunan şərabların təqdimatı və dequstasiyası təşkil edilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts