Tokio, 26 iyun, /AJMEDIA/
Görkəmli Azərbaycan yazıçısı, dramaturq və kinorejissor Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində xatirə gecəsi təşkil edilib.
AJMEDIA xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Moskvadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində yazıçının eyniadlı hekayəsi əsasında səhnələşdirilmiş “Fıstıq ağacı” adlı monotamaşa nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən xatirə tədbirləri keçirilir. Diplomatın sözlərinə görə, Maqsud İbrahimbəyovun əsərləri haqlı olaraq Azərbaycan ədəbiyyatının “qızıl fond”una daxildir və onun inkişafına dərin təsir göstərib. Rus dilində yazılmış əsərlərində Azərbaycan cəmiyyətinin milli ənənələri əks olunub, yazıçının yaratdığı sadə insanların obrazları, onların davranışları və daxili psixoloji dərinliyi bu gün də onun yaradıcılığını aktual saxlayır.
Rəhman Mustafayevin sözlərinə görə, Maqsud İbrahimbəyovun fəaliyyəti hər iki ölkənin mədəniyyətləri arasında körpü rolunu oynayıb, İçərişəhərdə yaradılmış Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi isə onun mənəvi və mədəni irsinin davamıdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Mərkəzin yerləşdiyi binada Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı bərpa işləri aparılıb. Mərkəzin açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.
Rüfət Mahmud qeyd edib ki, bu Mərkəz ədəbi ruhun hökm sürdüyü, nəsillərin görüşdüyü və yeni yaradıcı cəmiyyətin formalaşdığı mühüm mədəni məkan kimi fəaliyyət göstərir.
Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova tədbirin təşkilatçılarına və iştirakçılara Maqsud İbrahimbəyovun yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib. O, yazıçının adının və əsərlərinin yaşamağa davam etdiyini və yeni nəslə ilham verdiyini vurğulayıb.
Rejissor, aktyor və tanınmış animasiya ustası Harri Bardin, həmçinin ssenarist, aktyor və jurnalist Pavel Finn, eləcə də rejissor Tural Vaqifoğlu da çıxış edib, Maqsud İbrahimbəyov yaradıcılığından söz açıblar.
Tədbirdə Maqsud İbrahimbəyovun həyatı və yaradıcılığına, həmçinin onun adını daşıyan mərkəzin açılışına həsr olunmuş təqdimat videoçarxlar da nümayiş etdirilib.