Azərbaycanın Moskvadakı səfirliyi Rusiya XİN-ə rəsmi sərt etiraz notası göndərib

Tokio, 25 oktyabr , /AJMEDIA/

Oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar ölkəmizin Moskvadakı səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərib.
AJMEDIA xəbər verir ki, notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.
Səfirlik XİN-in diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.
Sənəddə qeyd olunub ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Həmçinin təəssüflə vurğulanıb ki, sözügedən tok-şounun aparıcısı və bu “tamaşa”nın birbaşa iştirakçılarından biri “Yedinaya Rossiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir və ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir.
Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış 2022-ci il 22 fevral tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.
Azərbaycan tərəfi Rusiyadan KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts