Azərbaycanın İƏT-ə üzvlüyünün 30 illiyi münasibətilə tədbir keçirilib

Tokio, 12 Noyabr, /AJMEDIA/

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 illiyi münasibətilə tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osaymin təşkilatın Azərbaycanın üzvlüyündən qürur duyduğunu bildirib. O qeyd edib ki, Azərbaycan təşkilata daxil olduğu vaxtdan bu günədək İƏT-in prinsiplərinə sədaqət nümayiş etdirib, onun missiyalarını dəstəkləyib. Baş katib təşkilatın fəaliyyətinə böyük töhfələr verən Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişmə nöqtəsində yerləşdiyini vurğulayıb.

İƏT-in Baş katibi çıxışında qeyd edib ki, Azərbaycan təşkilatın bir sıra mühüm tədbirlərinə ev sahibliyi edib və onların təşkilatçısı olub. Bu, İslam dünyasının həmrəyliyinə verilən böyük töhfədir. Eyni zamanda, Azərbaycan özünün əlverişli iqlimi, gözəl təbiəti, tarixi abidələri və mədəni irsi sayəsində mühüm turizm mərkəzlərindən birinə çevrilir.

Tədbirdə çıxış edən Azərbaycanın İƏT-dəki daimi nümayəndəsi və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev qeyd edib ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan təşkilatın fəaliyyətinə böyük əhəmiyyət verir. O, İƏT-in Ermənistanla münaqişədə ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyini diqqətə çatdırıb və əlavə edib ki, artıq işğal olunmuş ərazilər azad edilib.

Ş.Abdullayev vurğulayıb ki, Azərbaycan İƏT-in fəaliyyətinə töhfə verib, 2006-cı ildə təşkilatın Xarici İşlər Nazirləri Şurasının 33-cü iclasına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Ötən il İƏT Baş Katibliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub, işğaldan azad edilmiş ərazilərə baş çəkib.

Sonda Azərbaycanın İƏT-lə əməkdaşlığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts