Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Tokio, 22 iyun , /AJMEDIA/

Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dəyərli töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının milli prioritetlərindən biri də “Təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə” olmaqdır.

Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəyliyi ili” elan edilməsi ölkəmizdə ESC (Avropa Həmrəylik Korpusu) prinsiplərinin – ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçidin diqqətdə saxlanıldığını bir daha sübut edir. Ölkənin şəhər və rayonlarının davamlı inkişafının təmin olunması məqsədi ilə, habelə işğaldan azad edilmiş ərazilərin bərpası, yaşıl enerjiyə keçid, gələcək inkişafın təmin olunması, zəruri infrastrukturun yaradılması, ekoloji təhlükəsiz mühitin təmin edilməsi dövlətimizin başçısının uzaqgörən siyasətinin vacib tərkib hissəsi və siyasi varisliyin bariz nümunəsidir.

Məlum olduğu kimi, ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı cari ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib və ölkəmiz yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibi seçilib. Mötəbər tədbirə ev sahibliyi qarşıya bir sıra vəzifələr qoyur.

Ekoloji təmizlik və davamlı inkişaf

Ekoloji təmizlik anlayışı davamlı inkişaf konsepsiyası ilə sıx bağlıdır. Son onilliklərdə qlobal iqlim dəyişikliyi digər ekoloji problemlər arasında ön plana çıxıb və dünyanın nəhəng dövlətlərini, beynəlxalq nüfuzlu təşkilatları narahat etməyə başlayıb.

Antropogen mənşəli istixana qazları – karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), perfluorokarbonlar (PFCs), hidrofluorokarbonlar (HFC), kükürd heksaflorid (SF6) və azot triflorid (NF3) iqlim dəyişikliyi yaradan, təbiətə ciddi zərbə vuran səbəblərdir. Maraqlıdır ki, bütün istixana qazlarından qlobal istiləşmənin əsas mənbəyi (emissiyaların 60 faizindən çoxu) karbon qazıdır.

Ekologiyanın mühafizəsi, yaşıl təbiətin qorunması və davamlı inkişafın getdikcə daha vacib yer tutduğu hazırkı məqamda həyəcan təbili çalınmaqdadır. Təbii ki, ekoloji gündəm insan fəaliyyətinin bütün sahələrinə nüfuz edir və burada dəmiryolu nəqliyyatı da istisna deyil. Dəmiryolu sistemində də istixana qazları emissiyalarının əsas mənbəyi kimi CO2-nin azaldılması proqramları və bu istiqamətdə yeniliklərin tətbiq olunması qarşıya məqsəd kimi qoyulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ekoloji təmiz nəqliyyata yönəlib

XXI əsrin ən önəmli məsələlərindən biri olan ekoloji təmiz nəqliyyatın inkişaf prinsipini əsas tutan Azərbaycan ətraf mühitin qorunması və davamlı nəqliyyat sistemlərinin yaradılmasını prioritet olaraq seçib. Ölkənin nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Qurumun fəaliyyətinin ekoloji təmiz nəqliyyata yönəlməsi gələcək nəsillər üçün sağlam bir mühit yaratmağa xidmət edir.

Azərbaycanın dəmiryolları sahəsində əldə etdiyi üstünlüklər, onun bu sahədə lider ölkələrdən biri olduğunu göstərir. “Stadler” qatarlarının geniş və səmərəli istifadəsi, müasir texnologiyalar, yüksək komfort və təhlükəsizlik səviyyəsi, enerji səmərəliliyi bizə bunu deməyə imkan verir.

Bildiyimiz kimi, dəmiryolu nəqliyyatı ən ekoloji təmiz nəqliyyat növlərindən biridir. Dəmiryolu ilə səyahət və yükdaşımalar karbon emissiyalarının azaldılmasında mühüm rol oynayır. Elektriklə işləyən qatarlar dizellə işləyənlərə nisbətən daha az karbon izi buraxır. Həmçinin dəmiryolu nəqliyyatı enerjinin daha səmərəli istifadəsini təmin edir, çünki bir qatar sayca çox sərnişini və ağır tonlarla yükü eyni vaxtda daşımaq gücünə malikdir. Bu, nəinki ətraf mühitə, həm də iqtisadiyyata fayda gətirir.

Ekoloji təmiz və səmərəli nəqliyyat növlərindən biri olan dəmiryolu nəqliyyatının karbon emissiyalarının azaldılması, enerji səmərəliyi, yüksək sərnişin və yükdaşımalar tutumu, torpaq və su eroziyasının azaldılması, ictimai nəqliyyatda təhlükəsizliyin artırılması, alternativ enerji mənbələrindən istifadə, səssiz və zərərsiz nəqliyyat olması baxımından böyük üstünlükləri vardır. Beləliklə, dəmiryolu nəqliyyatı böyük miqdarda sərnişin və yük daşımaq qabiliyyətinə malikdir. Bu, nəqliyyatın səmərəliliyini artırır və tıxacların qarşısını almağa kömək edir. Qədim tarixə və ənənələrə malik bu nəqliyyat növü karbon emissiyaların azaldılması, həmçinin alternativ enerji mənbələrindən istifadə üçün geniş imkanlar yaratmaqla bərabər, səssiz və zərərsiz olması ilə diqqət çəkir. Çünki elektrikli qatarlar daha az səs-küy yaradır və ətraf mühitə zərər vermir. Bu, xüsusilə şəhər mərkəzlərində və sıx məskunlaşmış ərazilərdə insanların rahatlığını təmin edir.

Yaşıl enerjini təşviq edən ADY karbon qazının atmosferə atılmasının qarşısını almaqda qərarlıdır

Ötən ilin statistikasına əsasən, Azərbaycanın dəmiryollarının təxminən 60 faizi elektrikləşdirilib. Müqayisə üçün qeyd edək ki, Almaniya, İsveç, Yaponiya kimi geniş dəmiryolu şəbəkələrinə malik ölkələrdə əksər dəmiryolu xətləri elektrikləşdirilib və bu da qatarların bərpaolunan mənbələr hesabına işləməsinə imkan verir. Hidrogen və hibrid qatarların ekoloji təmizliyin mühafizəsində əhəmiyyəti də çox böyükdür.

ADY-nin sifariş etdiyi 10 qatardan 4-ü artıq ötən il Azərbaycana çatdırılıb. Qeyd edək ki, sifariş verilən 10 ədəd yeni “Stadler” qatarının 6-sı məhz elektriklə çalışır. Bundan başqa, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmiryolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb. Yeri gəlmişkən, ətraf mühitin çirklənməsinin qarşısının alınması və insanların rahatlığının təmin edilməsi məqsədilə velosiped nəqliyyat növü ilə bağlı qanunvericilik təkmilləşdirilir, qanuna velosiped “zolağı”, “yolu” kimi anlayışlar daxil edilir.

ADY yaşıl enerjini təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa böyük töhfə verir. Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməklə dəmiryolu nəqliyyatının ekoloji izləri azaldılır. Bu məqsədlə Yeni Biləcəri lokomotiv deposunun yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 307 ədəd, “Yeni Gəncə” lokomotiv deposunda isə 350 ədəd günəş paneli quraşdırılıb. ADY-nin parkında yer alan “Stadler FLIRT” model qatarların maksimal sürəti 160 kilometr-saatdır. Bu da insanlar üçün vaxt baxımından çox əhəmiyyətlidir.

Ölkəmizdə elektrikləşdirilmiş dəmiryollarının əsas marşrutları arasında Bakı-Sumqayıt, Bakı-Gəncə və Bakı-Ağstafa xətləri yer alır. Bu marşrutlar həm yük, həm də sərnişin daşımaları üçün əhəmiyyətli yollar hesab olunur. Elektrikləşdirilmiş xətlərin genişləndirilməsi ilə bağlı əlavə işlər də planlaşdırılıb ki, bu da gələcəkdə elektrikləşdirilmiş dəmiryollarının faizinin artmasına gətirib çıxaracaq.

ADY-nin istismar etdiyi ən müasir elektrik qatarlarından biri “Stadler” şirkətinin istehsalı olan KISS modelidir. Bu qatarlar xüsusilə Bakı-Sumqayıt xəttində istifadə olunur. Maksimal sürəti 160 kilometr-saat olan qatarların tutumu 919 sərnişin (396 oturacaq yeri, qalanları ayaqüstü yerlər) təşkil edir. Bundan başqa, Bakı-Sumqayıt sürət qatarı xətti, gündəlik sərnişin axınını rahatlaşdırmaq üçün xüsusi olaraq dizayn edilib. Bu qatarlar komfort şəraiti və vaxt itkisi ilə yanaşı, havanın çirklənməsinin də qarşısını alır.

ADY həmçinin dəmiryollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmaması üçün bütün zəruri tədbirləri görür. Layihələrdə ESG prinsipləri ən effektiv şəkildə təhlil olunaraq tətbiq edilir. Belə ki, Horadiz-Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərər görməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqla dəyişdirilib. Dəmiryollarının tikintisi zamanı ətraf mühitə ziyan dəyməməsi üçün maksimum səylər göstərilir.

ADY-nin hər layihəsində dəmiryolu zolağı boyunca ağacların əkilməsi da diqqətdə saxlanılır. Bərdə–Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilib.

Yaşıl gələcək naminə ekoloji tarazlığı təmin etmək istiqamətində Azərbaycanda bu istiqamətdə çox mühüm işlər görülür, layihələr reallaşdırılır. Dəmiryollarının elektrikləşdirilməsi, marşrutların optimallaşdırılması, lokomotivlərin və vaqonların modernləşdirilməsi, həmçinin elektrik, eləcə də hibrid qatarlara keçid məsələsi diqqətdə saxlanılır.

Yaşıl gələcək naminə dəmiryolu daşımalarının ekoloji üstünlükləri

Yeni reallıqlar çərçivəsində ən yaşıl nəqliyyat növləri üstünlüyə malikdir. Dəmiryolu dörd nəqliyyat növü arasında yükdaşımalara və ekologiyaya ciddi ziyan vurmaması baxımından ən optimal nəqliyyat növü hesab olunur. Dəmiryolu ilə yükdaşımalarda bir qayda olaraq, həm qiymət münasibdir, həm də yükün tez bir zamanda çatdırılması mümkündür. Dəmiryolu nəqliyyatı digər nəqliyyat növlərindən ekoloji effektliyi və yaşıl gələcək naminə potensialı ilə fərqlənir ki, bu da cəmiyyət və iqtisadiyyata mənfəəti baxımından əhəmiyyətlidir.

Təbii ki, karbon qazının tullantılarının emalının azaldılması günümüzün vacib məsələlərindəndir. Beynəlxalq tədqiqatlar onu deməyə əsas verir ki, dəmiryolu nəqliyyatı yükdaşımalar üzrə ton kilometrə görə ən az CO2 emal edən nəqliyyat vasitəsidir.

Cari ilin I rübü üçün Azərbaycanda dəmiryolu ilə 4,498.5 min ton yük daşınıb. Bu yükün beynəlxalq daşımalarda payı 1,760 min ton olub ki, onun da 1,917.9 min tonu tranzit daşımalar, 820,6 min tonunu isə daxili daşımalar təşkil edib.

Qeyd olunan dövr ərzində orta hesabla xidmət göstərən qatarların sayı 7,7 olub. Cari ilin birinci rübündə ADY-nin işçi sayı 4,838 nəfər olmaqla, əmək məhsuldarlığı 362 min ton-km təşkil edib.

Bu ilin birinci rübündə 1,881,323 sərnişin daşınıb. Bu, şəhərətrafı sərnişin daşımada 1,791,268, daxili daşımada 90,055 nəfər təşkil edib. İnfrastruktur istiqamətində istismarın uzunluğu 2,137.34 km olub. Elektrikləşmiş yolun uzunluğu 53,8 faiz təşkil edib.

Nəticə göz qabağındadır. Nəticə onu deməyə əsas verir ki, Azərbaycanın dəmiryolu sistemində həm yaşıl gələcək naminə, həm də vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində səmərəli işlər görülür.

Son illərdə Azərbaycan dəmiryollarının infrastrukturu mühüm şəkildə yenilənib. Yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması və müasir texnologiyaların tətbiqi nəticəsində dəmiryolu şəbəkəsi daha təhlükəsiz və səmərəli hala gəlib. Yeni stansiyalar və terminallar tikilərək sərnişinlərin və yük sahiblərinin rahatlığı təmin edilib. Bu da onu deməyə əsas verir ki, “Azərbaycan Dəmir Yolları” QSC öz işini səmərəli qurub və qurum tərəfindən ESC prinsipləri qorunmaqla bərabər, sərnişinlərin rahatlığı təmin olunur, yaşıl enerjiyə keçidə ciddi əməl olunur.

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurası ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur”

Follow us on social

Facebook Twitter Youtube

Related Posts