Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb

Tokio, 14 iyun , /AJMEDIA/

Cari ilin yanvar-may ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 5,5 faiz azalaraq 11 milyard 231,4 milyon kilovat-saat olub.

Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 9 milyard 685,6 milyon kilovat-saat, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 525 milyon kilovat-saat artımla 1 milyard 197,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 milyon kilovat-saat artımla 348,5 milyon kilovat-saat təşkil edib. Beş ay ərzində külək elektrik stansiyalarında 26,3 milyon kilovat-saat, günəş elektrik stansiyalarında ötən ilin müvafiq dövrünə nisbətən 181 milyon kilovat-saat və ya 8 dəfə artımla 206,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 milyard 900,6 milyon kilovat-saat (İES-lərdə 8 milyard 789,5 milyon kilovat-saat, SES-lərdə 1 milyard 111,1 milyon kilovat-saat), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 177,3 milyon kilovat-saat (İES-lərdə 73,9 milyon kilovat-saat, SES-lərdə 79,2 milyon kilovat-saat, Günəş ES-də 24,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 134,3 milyon kilovat-saat təşkil edib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 2,9 dəfə azalaraq 426,8 milyon kilovat-saat, idxalı isə 1,6 dəfə artaraq 80,9 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1,71 faiz azalaraq 1 milyard 999,5 milyon kilovat-saat olub. Bu ayda elektrik enerjisinin ixracı 2,1 dəfə artaraq 20,4 milyon kilovat-saat, idxalı isə 2 dəfə artaraq 19 milyon kilovat-saat təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts