Azərbaycan-Yaponiya Dostluq Mərkəzi bəyanat yayıb

Tokio, 16 aprel , /AJMEDIA/

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistan tərəfindən əsir götürülərək içgəncələrə məruz qoyulan Azərbaycan əsgərləriilə bağlı bəyanat yayıb. Bu barədə AJMEDIA-ya mərkəzin sədri Xəlil bəy Kələntər məlumat verib. Beynəlxalq təşkilatlara, Yaponiyanın əlaqədar dövlət və hökumət qurumlarına, qeyri-hökumət təşkilatlarına və KİV-ə ünvanlanmış bəyənatın mətnində deyilir: “Biz, Yaponiyada yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür.
Bu fakt Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirməməsinin, bu ölkədə azərbaycanlılara qarşı geniş vüsət almış etnik nifrət və irqi ayrı-seçkiliyin əyani sübutudur.
Müvafiq beynəlxalq təşkilatlar yuxarıda qeyd olunan zorakılıq faktını, həmçinin son 30 ildə Ermənistanın azərbaycanlı hərbi və mülki əsirlərə, itkin düşmüş 3890 şəxsə qarşı törədilmiş zorakılığı araşdırmalı və lazımi hüquqi qiymət verməlidir.
Biz, Yaponiyada yaşayan azərbaycanlılar, bu cinayəti bir daha qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, əlverişsiz hava şəraiti səbəbindən azaraq Ermənistanın nəzarətində olan ərazilərə keçmiş Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.
Biz, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq azərbaycanlı hərbçilərə baş çəkməyi və onların vəziyyəti ilə bağlı məlumat verməyi tələb edirik.
Biz, Yaponiyada yaşayan azərbaycanlılar , dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə təsir göstərməyə çağırırıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts