Azərbaycan-Yaponiya dostluq əlaqələrinin 30 illiyi qeyd edilib

Tokio, 20 dekabr , /AJMEDIA/

Kavaquçi şəhərində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, qeyri-hökumət təşkilatlarının, “Cross Border Club 3.0” şirkətinin nümayəndələrinin, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin, Azərbaycan Dillər Universitetinin tələbə və müəllimlərinin, yapon iş adamlarının iştirak etdikləri hibrid formatda yubiley tədbirində ölkəmizin uğurlarından bəhs edilib, iki ölkənin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İştirakçıları Yaponiyanın zəngin turizm potensialı ilə tanınan Kavaquçi şəhərində salamlamaqdan məmnun olduqlarını bildirən “Ryouseido” şirkətinin meneceri Mizuho Vatanabe iki ölkə arasında dostluq münasibətlərinin 30-cu ildönümü ilə əlaqədar təbriklərini çatdırıb. Azərbaycanın Qarabağ regionu, xüsusən Şuşa şəhəri ilə Kavaquçi şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə hazırladıqları layihə barədə məlumat verib. Bildirib ki, bu əməkdaşlıq hər iki regionun inkişafına mühüm töhfələr verə bilər.
Digər çıxış edənlər – “Cross Border Club 3.0” yutub kanalının rəhbəri Kazuyasu İşida, Azərbaycan Dillər Universitetinin Yaponiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar İbrahimov, müəllim Hülya Dursunova və başqaları yubiley münasibətilə təbriklərini çatdırıb, ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Avropanın enerji təminatında rolu, Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda ölkə rəhbərliyi tərəfindən aparılan böyük bərpa və quruculuq işləri barədə məlumat verib. Həmçinin qeyd edib ki, xarici havadarlarına arxalanan ermənilər hələ də ərazidə təxribatlar törədərək, regionda sülhün bərpasına mane olmağa çalışırlar.
Tədbir iştirakçılarına Laçın-Xankəndi yolunda azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təşkilatlarının üzvlərinin ermənilər tərəfindən davam etdirilən ekoloji terrorla əlaqədar etirazları barədə ətraflı məlumat verilib.
X.Kələntər vurğulayıb ki, Azərbaycan xalqı öz torpaqlarının talanması və ekoloji terrora məruz qoyulması ilə heç vaxt barışmayacaq. Yaponiyada yaşayan azərbaycanlılar və ölkəmizin dostları etirazçılara hər cür dəstək verməyə hazırdırlar.
Tədbirdə yapon pianoçu Yusei İnuinin aranjeman etdiyi “Vətən yaxşıdır” (“Xudayar təsnifi”) və azərbaycanlı tələbə Fuadın tarda ifa etdiyi Azərbaycan xalq mahnıları alqışlarla qarşılanıb.


Follow us on social

Facebook Twitter Youtube

Related Posts