Azərbaycan xarici işlər naziri müavinin mətbuat konfransı Malayziyanın aparıcı KİV-i tərəfindən geniş işıqlandırılıb

Tokio, 18 iyul , /AJMEDIA/

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Malayziyaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransı bu ölkənin aparıcı KİV-i tərəfindən geniş işıqlandırılıb.
AJMEDIA xəbər verir ki, Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi, “New Straits Times” qəzeti və digər aparıcı KİV-i Azərbaycanın malayziyalı iş adamlarını azad Qarabağa investisiyalar yatırmağa dəvət etdiyini xüsusi vurğulayıb. Həmin investisiyaların bərpaolunan enerji mənbələrinə, dəmir yolu və avtomobil yollarının, xəstəxanaların, məktəblərin, körpülərin, evlərin tikintisinə, həmçinin kənd təsərrüfatının dirçəldilməsinə yönəldiləcəyi qeyd edilib. Eyni zamanda, nazir müavininin Malayziya şirkətlərinin toxuculuq və tütünçülük kimi perspektivli sənaye sahələrinə investisiya yönəltməsinin mümkünlüyünü vurğuladığı da bildirilib.
E.Məmmədovun “Azərbaycan Malayziyanın Qarabağ məsələsində tutduğu ədalətli mövqeyi yüksək qiymətləndirir”, – sözləri sitat gətirilərək, nazir müavininin Prezident İlham Əliyevin Ermənistanla münaqişədə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən dost ölkələrə həmin layihələrdə iştirak üçün şərait yaratdığı və Malayziyanın da bu siyahıda yer alan ölkələrdən biri olduğunu xüsusi qeyd etdiyi diqqətə çatdırılıb.
Mətbuat konfransına həsr olunan materiallarda Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının tarixi, keçmiş Sovet İttifaqının dağılması ərəfəsində ermənilərin qanuni Azərbaycan ərazilərini ələ keçirmək üçün başladığı müharibə, 30 ilə yaxın bir dövrdə xarici havadarların dəstəyi ilə ərazilərimizin işğal altında saxlanması, 2020-ci il sentyabrın 27-də başlayan, cəmi 44 gün davam edən və böyük Zəfərlə başa çatan Vətən müharibəsi barədə malayziyalı oxuculara ətraflı məlumat verilib. Qeyd olunub ki, ermənilər bu ərazilərdə Azərbaycana məxsus olan mədəni və dini abidələri dağıdıb, yerli infrastrukturu məhv ediblər.
Hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işlərinə başladığı, qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının, yeni avtomobil yollarının tikintisini başa çatdırdığı bildirilir. Diqqətə çatdırılır ki, Zəngilan və Laçın aeroportlarının, azad edilən rayonlara yeni avtomobil və dəmir yollarının çəkilişi davam edir. Türkiyə, Çin, Yaponiya, Böyük Britaniya, İsrail və Rusiyadan olan şirkətlər azad olunmuş ərazilərdə həyata keçirilən müxtəlif layihələrə investisiya ayırırlar. Azərbaycan hökuməti tərəfindən təqribən 25 layihə Malayziyadan olan potensial investorlar üçün nəzərdə tutulub.
Qeyd edilir ki, Azərbaycan bərpaolunan enerji mənbələrinin yaradılmasına xüsusi diqqət yetirir və ölkədə bunun üçün böyük potensial var.
Məqalələrdə Azərbaycanın Malayziya ilə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, lakin bununla yanaşı, iki ölkə xalqlarının bir-birini daha yaxından tanıması üçün investisiya qoyuluşu və ticarətlə birlikdə, turizm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts