Azərbaycan xalqının 2018-ci ildə Prezident İlham Əliyevə göstərdiyi etimad Qələbəyə aparan yola inamın, yürüdülən siyasətə dəstəyin ifadəsi idi

Tokio, 9 aprel , /AJMEDIA/

2018-ci il aprelin 11-də müstəqillik yolu ilə inamla irəliləyən, ötən illər ərzində aparılan məqsədyönlü siyasət sayəsində zirvələrə yüksələn, regional güc amilinə çevrilən, dünyada ləyaqətli ölkə kimi tanınan müstəqil Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı – prezident seçkiləri uğurla baş tutdu. Azərbaycan seçicisinin mütləq əksəriyyətinin – 86,02 faizinin etimadını qazanan cənab İlham Əliyev dövlət başçısı seçildi. Bu mühüm siyasi hadisə müasir tariximizin yeni mərhələsinin başlanğıcını çevrildi. 2003-cü ildən xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət yeni, müasir qlobal çağırışlar müstəvisində təzahür etdi. “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi bu fikirlər Azərbaycanın gələcək inkişaf yolunun mayakına çevrildi.

AJMEDIA xəbər verir ki, bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib.

Partiya sədri qeyd edib ki, 2018-ci il prezident seçkilərində xalqın seçiminin niyə məhz Prezident İlham Əliyev olmasını şərtləndirən mühüm amillər mövcuddur. Ölkəmiz dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə böyük inkişaf yolu keçdi – Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi mövqeyini daha da gücləndirdi. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır”,- deyən Prezident İlham Əliyev yeni dövr üçün sosial rifahın gücləndirilməsini, vətəndaş–dövlət vəhdətinin daha da möhkəmlənməsini mühüm hədəf kimi müəyyənləşdirdi. Qarşılıqlı olaraq xalqın mütləq etimadı, inamı və sevgisi prezident seçkilərinin nəticələrini müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, parlaq gələcəyə səs verdi.

2003-2018-ci illərdə dövlətimizin əldə etdiyi ən mühüm uğurlar siyahısında artan beynəlxalq nüfuz, qlobal dünyanın mühüm bir parçasına çevrilmək istiqamətində atılan addımlar ilkin sıralarda dayanır. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı. Azərbaycanın dünyanın ən mühüm siyasi və iqtisadi təşkilatlarının dəyişməz tərəfdaşına çevrildi. Bu dövrdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına rəhbərlik etməsi ölkəmizin dünya miqyasındakı yerinin ən yüksək səviyyədə müəyyənləşdiyini bir daha təsdiqləmiş oldu.

Siyasi uğurlar düzgün müəyyənləşdirilmiş iqtisadi siyasətə söykənir. Azərbaycanın da dünya miqyasında gündən-günə artan siyasi nüfuzu Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün, milli maraqlara söykənən iqtisadi siyasət kursuna söykəndi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”,- deyən Prezident İlham Əliyev mühüm iqtisadi islahatlar vasitəsilə Azərbaycanı yeni yüksəliş yoluna çıxardı. Aparılan uğurlu siyasətin nəticələri isə statistik rəqəmlərlə göz önündədir – 2003-2019-cu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir. Qeyd edilən 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 27 dəfə artıb. 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idisə, 2019-cu ildə bu rəqəm 51, 2020-ci ilin ilk rübündə isə 52 milyard dollara çatıb. Ölkəmizdə yoxsulluğun həddi təxminən 50 faizdən 4,8 faizə düşüb.

2003-cü ildən qlobal pandemiyanın yayıldığı dövrə qədər, yəni, 2003-2019-cu illər ərzində ölkəmizdə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb. 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Xüsusi vurğulanmalıdır ki, 2019-cu ildə sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirilməklə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə isə daha çox artırıldı, yeni sosial təminat növləri formalaşdırıldı. Qlobal pandemiyanın fəsadlarına baxmayaraq, 2020-ci və 2021-ci illərdə də sosial islahatlar davam etdirildi və əhalinin həssas qrupları üçün əlavə olaraq ünvanlı dəstək proqramları icra edildi. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdləri orta hesabla 60 faiz artırıldı, yeni təqaüd növləri təsis olundu.

2018-2021-ci illərdə ölkəmizdə orta aylıq əməkhaqqında 37, median əməkhaqqında 74, əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım baş verib. Bu müsbət proseslər əməkhaqqı fondunda da iki dəfəyə yaxın artımı təmin edib. 2018-2021-ci illərdə sosial təminat (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb.

Xüsusi qeyd edilməlidir ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi əlilləri dövlətin sosial siyasət kursunda xüsusi yer tuturlar. Dövlətimizin başçısının imzaladığı 2021-ci il 23 dekabr tarixli Fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təmin olunub.

Bununla yanaşı, 2020-ci ildə baş verən Vətən müharibəsinin iştirakçıları da diqqətdən kənarda qalmayıb. Dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla onlara “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi verilib. “Müharibə veteranı” adı və vəsiqəsi verilən şəxslərə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.

Vətən müharibəsindən sonra dövlətimizin başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan genişmiqyaslı sosial dəstək işləri artıq 41 min şəxsi əhatə edib, onlara 47 min xidmət göstərilib. Belə ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən və Vətən müharibəsi əlillərindən ibarət 10 min 351 şəxsə 20 min 644 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 2500 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin olunub.

Ə.Kazımova diqqətə çatdırıb ki, postmüharibə dövrünün yaratdığı reallıqlar ölkəmizin qarşısında mühüm çağırışlar müəyyənləşdirməkdədir. Praqmatik siyasət kursuna malik Azərbaycan postmüharibə mərhələsində öz gündəliyini yeni reallıqlara və çağırışlara adekvat olaraq müəyyənləşdirib. Dövlətimizin başçısının müəyyənləşdirilən hədəflərlə bağlı özünün aydın baxışlarını ifadə etməsi onu deməyə əsas verir ki, ölkəmiz indiki strateji mərhələdə də uğurlara imza atmaqdadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş Qarabağ onun rəhbərliyi ilə yenidən dirçəlir, qurulur. İşğaldan azad edilmiş ərazilərdə bütün işlər ardıcıllıqla və planlı şəkildə həyata keçirilir. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Bəhs olunan ərazilərin iqtisadi potensialı isə kifayət qədər böyükdür. Azərbaycan həmin resurslardan maksimum səmərə ilə istifadə etmək və işğaldan azad olunmuş ərazilərdə 10-dan çox su elektrik stansiyası yaratmaq niyyətindədir. Beləliklə, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdəki bərpaolunan enerji mənbələri hesabına ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib. Zəngilanda həyata keçirilən “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri, Ağdamın və digər rayonlarımızın Baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər qısa zamanda Qarabağın cənnətə çevriləcəyinə böyük inam yaradır.

“İşğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. Burada yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması digər prioritet istiqamət kimi müəyyənləşdirilib. Qısa zaman kəsiyində ərsəyə gələn Füzuli Beynəlxalq Hava Limanı, eləcə də Zəngilanda və Laçında beynəlxalq hava limanlarının inşası bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşasının önəmini şərtləndirən digər mühüm amilə diqqət yetirək. Qalib Azərbaycan Şərqi Zəngəzuru regional haba çevirmək niyyətindədir. İşğaldan azad olunmuş ərazilərdə yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda avtomobil yollarının inşası məqsədilə böyük həcmdə maliyyə vəsaitləri ayırıb. Əhmədbəyli-Füzuli-Şuşa yolu, Zəfər yolu Azərbaycan xalqının illərdir yığılan həsrətini bitirib bizləri Qarabağa, Şuşaya qovuşdurur. Prezident İlham Əliyevin bildirdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”, – deyə partiya sədri vurğulayıb.

O qeyd edib ki, 2003-2018-ci illər həm də milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev xalqı milli ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Bu amil İkinci Qarabağ müharibəsi dövründə özünün təntənəsini bir daha ortaya qoydu. Azərbaycan xalqı bir yumruğa çevrilərək öz Ali Baş Komandanının ətrafında birləşdi. Vətənin azadlığı uğrunda şiddətli döyüşlər getdiyi dövrdə ölkəmizin siyasi palitrası vahid mövqe nümayiş etdirərək düşmənə qarşı vahid platformadan çıxış etdi. Xalq 2018-ci ildə etimad göstərdiyi Prezidentinin səsinə səs verdi. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, 2018-ci ildə xalqın Prezident İlham Əliyevə etimad göstərməsi həm də bütün destruktiv və xain qüvvələrə “yox” deməsi idi. Bu nəticə bir daha göstərdi ki, radikalların və radikalizmin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevi yenidən özünə rəhbər seçməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Artıq bir neçə illərdir formalaşan yeni siyasi konfiqurasiya Azərbaycanın siyasi palitrasına mühüm yeniliklər bəxş edib. Vətən müharibəsi dövründə dünya ictimaiyyəti nadir təsadüf olunan bir mənzərə ilə qarşı-qarşıya qaldı – Azərbaycanın siyasi palitrasının mütləq əksəriyyəti vahid amal uğrunda, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi və dünyaya birlik mesajı verdi. Bu, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında yaranan siyasi dialoq mühitinin töhfəsi idi. Bu istiqamətdə aparılan siyasət günü-gündən daha da dərinləşdirilir. Yaranan siyasi vəziyyət özlüyündə mühüm demokratik ştrixləri birləşdirir – ölkəmizdə yeni siyasi münasibətlər formalaşır. Milli ideya ətrafında milli vəhdətin, birliyin təmin olunması Prezident İlham Əliyevin apardığı siyasətin təntənəsi kimi çıxış etməkdədir.

Ötən illər ərzində aparılan siyasətin ən mühüm komponentlərindən biri ölkəmizin müdafiə gücünün formalaşdırılmasıdır. Ötən 19 il ərzində Prezident İlham Əliyevin addım-addım inkişaf etdirdiyi yol XXI əsrin ikinci onilliyində ən böyük uğurun carçısı oldu – Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasında yer aldı. Azərbaycan Ordusunun sürətli inkişafı, müasir silahlarla təchiz olunması, döyüş qabiliyyətinin yüksəldilməsi bu günün qalib Azərbaycanının ilk təməllərini atdı. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərmişdisə, 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş müzəffər qalibiyyət ölkəmizin qəti Zəfərini təmin etmiş oldu. 2018-ci ildə “Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq” tezisi 2020-ci ildə “Qarabağ Azərbaycandır!” şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirdi…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts