Tokio, 28 may , /AJMEDIA/
Şərqdə ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının zəngin dövlətçilik tarixinin parlaq nümunəsidir. Bu il təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin 106-cı ildönümü 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər nəticəsində torpaqların erməni işğalından bütünlüklə azad edildiyi və suverenliyin tam bərpa olunduğu bir şəraitdə tükənməz sevinc hissi ilə əhatə olunub. Məhz buna görə də, hazırda 28 May – Müstəqillik Günü dünyanın hər yerində xüsusi əzəmətlə qeyd edilir.
Azərbaycan tarix səhifəsində bu şanlı respublika cəmi 23 ay yaşasa da onun siyasi, hüquqi, tarixi və mənəvi əhəmiyyəti ölkəmiz var olduqca fəxrlə qeyd ediləcək. Həmin dövrün hədsiz dərəcədə keşməkeşli, mürəkkəb və ziddiyyətli olmasına baxmayaraq, bir qrup Azərbaycan ziyalısı fədakarlıqla Azərbaycanda Xalq Cumhuriyyətini qura bildilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi yüksək qiymətləndirərək onun irsinin qorunmasında böyük xidmətlər göstərib. 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Azərbaycan Xalq Cümhuriyyəti Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşan respublikaların mühüm təməli rolunu oynayıb. Həmin respublikaların formalaşmasında və inkişafında xalqımızın Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, Ümumilli lider Heydər Əliyev, Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev kimi böyük şəxsiyyətlərinin mühüm rol oynayıblar. Müasir dövlətçiliyin əsaslarının həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlət kimi formalaşıb, bütün dünyada böyük nüfuz qazanıb.
Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Həmçinin Prezident İlham Əliyev tərəfindən də Xalq Cümhuriyyətinin irsi yüksək qiymətləndirib, dövlət başçısının Sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edərək Böyük Zəfərə imza atıb, bu tarixi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına və separatizmə tam və qəti şəkildə son qoyulub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixin ən güclü Azərbaycan dövləti 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Artıq Ermənistanla sərhəddə yerləşən və Azərbaycana məxsus olan kəndlərdə də suverenlik bərpa edilib. Bu gün hər kəs Azərbaycanın nəinki regional lider statusunu, hətta Avropada böyük nüfuzunu etiraf edir. Azərbaycan bu gün Avropanın 10-a yaxın ölkəsi ilə strateji tərəfdaşlığa malikdir. Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan Prezident İlham Əliyev hər ötən il dövlətimizin gücünü və nüfuzunu daha da artırır.
Bu gün Azərbaycanın şanlı bayrağı bütün sərhədlərdə, Xankəndidə, Şuşada qürurla dalğalanır. Azərbaycan regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləyib, beynəlxalq miqyasda sayılıb-seçilən, nüfuzlu dövlətə çevrilib.
Müstəqilliyimizi dönməz, sarsılmaz və əbədiyyətədək yaşamasının təminatçısı olan və çağdaş dövlətimizin qurucusu və banisi ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan məhz Müzəffər Ali Baş Komdandan, Prezident İlham Əliyev tərəfindən regional və qlobal miqyasda söz sahibi olan, ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş ölkəyə çevrilib. Əslində Azərbaycan xalqı ilə Cumhuriyyət bir-birindən ayrılmaz bir dəyərdir və Azərbaycan var olduqca belə olacaqdır.
Vüqar Ağayev