Azərbaycan və Türkiyənin diaspor təşkilatları Vyanada bir araya gəliblər

Tokio, 15 dekabr, /AJMEDIA/

Dekabrın 14-də Vyanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili, Əminə Ağazadə və Elnur Allahverdiyev, Türkiyə Böyük Millət Məclisinin üzvü Muhammed Fatih Toprak, Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan, bu ölkədəki Azərbaycan və Avstriya diasporunun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il 31 dekabr tarixini – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük təntənə və qürur hissi ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir.

Vurğulanıb ki, bu bayramın bünövrəsi hələ 1991-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Səfir bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2001-ci ildən bu günə kimi dünya azərbaycanlılarının 4 qurultayı keçirilib ki, bu da diaspor quruculuğu işinə əsaslı töhfə verib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Avstriyada yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə bugünkü tədbirin, həmçinin belə görüşlərin keçirilməsinin xüsusi əhəmiyyəti var.

Daha sonra diqqətə çatdırılıb ki, dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycanla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, Ermənistanın təcavüzünün qarşısının alınmasında qətiyyət nümayiş etdirirdilər.

Xüsusilə vurğulanıb ki, Azərbaycan diaspor təşkilatları qardaş türk xalqının diaspor təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurublar. Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” sözləri özünü İkinci Qarabağ müharibəsi zamanı bir daha açıq şəkildə göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı əldə edilən Zəfər bölgədə yeni reallıqlar yaradıb və yeni vəziyyət qarşımızda yeni imkanlar, eyni zamanda, yeni vəzifələr qoyur.

Azərbaycan Milli Məclisinin deputatı, Avstriya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Tahir Mirkişili çıxışında türk dünyasının Avropa və Çin arasında strateji yer tutduğunu, yeni kommunikasiya və enerji layihələrində mühüm rol oynaya biləcəyini bildirib. Qeyd edilib ki, çoxmərkəzli və çoxqütblü yeni dünya düzənində türk ölkələri arasında əməkdaşlıq daha da güclənməli və diaspor da bu işə öz töhfəsini verməlidir.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Avstriya dostluq qrupunun sədri Muhammed Fatih Toprak çıxışında Azərbaycan və Türkiyənin sadəcə dost və qonşu ölkə olmadıqlarnı, ortaq soykökə bağlı qardaş xalqlar olduqlarını diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında əlaqələrin səviyyəsi ürəkaçan olsa da, mövcud potensial bu əlaqələri daha da inkişaf etdirməyə və xalqlarımızı daha dərin bağlarla yaxınlaşdırmağa imkan verir.

Türkiyənin Avstriyadakı səfiri Ceyhun Ozan çıxışında ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün iki ölkə arasında qardaşlığın rəmzinə çevrilmiş kəlamlarını yada salaraq, bu gün hər iki ölkənin dövlət başçılarının da iki qardaş dövlət arasında strateji əməkdaşlığın inkişafı üçün səylə çalışdıqlarını bildirib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi, bu il Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın qardaş yardımı bu dostluq və qardaşlığın bariz nümunələridir.

Çıxışlar zamanı, həmçinin dünyada islamafobiya, ayrı-seçkiliyin artması, bu çağırışlara qarşı həm Azərbaycan, həm də Türkiyənin mədəniyyətlər və dinlərarası dialoqun və tolerantlığın təşviq edilməsi vasitəsilə mübarizə aparması qeyd olunub. Eyni zamanda, diaspor fəaliyyətində türkdilli dövlətlərin mədəniyyətinin təbliğinin də diqqət mərkəzində dayanmasının vacibliyi vurğulanıb. Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü və orada qəbul olunan qərarlardan da bəhs olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri İsmayıl Ənsərli və Vyana Universitetinin doktorantı Aytən Əliyeva Azərbaycanda diaspor quruculuğu, komitənin yarandığı gündən indiyədək keçdiyi inkişaf yolu, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə təqdimatla çıxış ediblər.

Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin sədri Yardım Günəş və Avstriya Azərbaycanlıları Assosiasiyasının sədri Rüfət Həsənov çıxışlarında rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, qarşıda duran vəzifələr, türk diaspor təşkilatları, eləcə də yerli qurumlarla əməkdaşlıq imkanları barədə danışıblar.

Tədbirdə Avstriyadakı türk diaspor təşkilatlarının rəhbərləri də çıxış ediblər, sonra birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts