Azərbaycan və Qırğızıstan arasında birgə elmi nəşrlərin hazırlanması barədə razılıq əldə olunub

Tokio, 13 iyun , /AJMEDIA/

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərinə səfəri çərçivəsində iyunun 12-də Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunda olub.

AJMEDIA xəbər verir ki, görüşdə sözügedən beyin mərkəzinin direktoru Sancar Mukanbetov institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək son vaxtlar təşkilati baxımdan yenidən strukturlaşma baş verdiyini bildirib. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilərək əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, mövcud geosiyasi vəziyyətin hər iki ölkəyə mümkün təsirləri, regional nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolları layihələrinin iki ölkə arasında nəqliyyat bağlantılarının və dolayısilə ticari-iqtisadi əlaqələrin inkişafında oynayacağı rol kimi məsələlərə toxunulub.

Bundan başqa, iki təşkilat arasında gələcəkdə akademik müzakirələrin davam etdirilməsi, birgə elmi nəşrlərin hazırlanması və tədbirlərin təşkili barədə razılıq əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts