Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Tokio, 25 iyun , /AJMEDIA/

İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş ofisində Ümumdünya Fermerlər Təşkilatının (WFO) illik yığıncağı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AJMEDIA-ya bildirilib ki, tədbirdə müxtəlif ölkələrdən dövlət qurumları, özəl sektorun və beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər, ailə təsərrüfatları, kooperativlərin təmsilçiləri və fermerlər iştirak ediblər.

İclasda Azərbaycanı Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı təmsil edib.

FAO-nun Baş direktoru Qu Dongyu çıxışında yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sistemi məsələsinə toxunub. O, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. FAO rəsmisi qeyd edib ki, qlobal çağırışların təsirləri fonunda aqrar sahənin intensiv inkişafı və daha dayanıqlı aqroərzaq sistemlərinin qurulması müasir texnologiyaların tətbiqindən birbaşa asılıdır.

Qu Dongyu əlavə edib ki, rəqəmsal texnologiyaların tətbiqi aqrobiznes dəyər zəncirinin formasını dəyişdirməklə istehsal proseslərinin səmərəliliyinə, iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verəcək.

Tədbirdə çıxış edən mütəxəssislər iqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı bilik və təcrübələrini bölüşüb, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkilinin zəruriliyini diqqətə çatdırıblar.

Açılış mərasimindən sonra aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib.

“COP28-dən COP30-a: Kənd təsərrüfatı və qida sistemlərinin İqlim Fəaliyyətinə inteqrasiyası” mövzusunda keçirilən panel sessiyada çıxış edən AKİA-nın sədr müavini Leyla Cabbarlı ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan söz açıb. O, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sədr müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə icra olunan tədbirlərdən söz açıb. Bildirilib ki, Azərbaycan hökuməti ətraf mühitə mənfi təsirlərin yumşaldılmasına, istixana qazlarının azaldılmasına, təbii resurslardan səmərəli istifadəyə, biomüxtəlifliyin, ekosistemlərin qorunmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına davamlı dövlət dəstəyi bu sektorda istehsal göstəricilərinin mütəmadi yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirir.

Panel sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, innovativ həllərin tətbiqi ilə məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha səmərəli istifadə olunması, aqrar sahədə innovasiya və rəqəmsallaşmanın tətbiqi istiqamətində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tədbir panel çıxışları və sual-cavab sessiyaları ilə davam etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts