Tokio, 8 fevral, /AJMEDIA/
Azərbaycan şirkətləri Moskvada keçirilən “ProdExpo-2022” beynəlxalq sərgisində iştirak edir.
AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 7-dən 11-dək keçiriləcək 29-cu “ProdExpo-2022” beynəlxalq qida məhsulları, içkilər və onların Rusiyada və Şərqi Avropada istehsalı üçün istifadə edilən xammal sərgisində 30-dan çox Azərbaycan şirkəti mallarını “Made in Azerbaijan” stendində təqdim edir. Azərbaycanda istehsal olunan məhsullar İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə nümayiş olunur.
Moskvanın Mərkəzi Sərgi Kompleksində keçirilən sərgiyə dünyanın 73 ölkəsindən 2700-ə yaxın şirkət qatılıb.
AZPROMO-nun departament direktoru Tural Hacılı jurnalistlərə bildirib ki, Azərbaycan artıq dördüncü dəfədir “ProdExpo” beynəlxalq sərgisinə qatılır: “Bu dəfə sərgidə ölkəmizi 32 şirkət təmsil edir. Azərbaycan məhsulları sərgi iştirakçılarına “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur. Bu il əsasən emal olunmuş məhsullar üzərində fokuslanmışıq. Stendimizdə ənənəvi məhsullarla yanaşı, zeytun yağı, pivə kimi yeni məhsullarımız da var. 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı rekord səviyyədə – 47 faiz artaraq 2,7 milyard dollara çatıb. Bu, öz növbəsində, Rusiya bazarına da öz təsirini göstərib”.
“Made in Azerbaijan” stendində qida sənayesi, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, meyvə şirələri, zeytun yağı, quru meyvələr və sair istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını rusiyalı alıcılara təqdim edirlər. Sərginin ziyarətçiləri Rusiya bazarında daha çox çeşiddə Azərbaycan məhsullarını görmək istədiklərini bildiriblər.