Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış tarixi müraciət

Tokio, 2 noyabr , /AJMEDIA/

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasının mühüm nəticələrindən biri də onun Azərbaycan Ordusunu ağır böhrandan qurtarması oldu. Bu müraciətdən sonra atılan qətiyyətli addımlar nəticəsində Ulu öndər zəngin dövlətçilik təcrübəsindən istifadə edərək, ardıcıl və davamlı siyasəti ilə ordu quruculuğuna yeni məzmun verdi və müasir Silahlı Qüvvələrimizin tam şəkildə formalaşmasının əsasını qoydu. Onun rəhbərliyi ilə Azərbaycanın hərbi təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin zəmanətçisi olacaq Silahlı Qüvvələrin formalaşdırılmasının dövlət səviyyəsində, mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi üçün qəti və təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Xalqın və ölkənin bütün potensialı bu mühüm prosesə səfərbər edildi, ordu quruculuğunda qeydə alınan nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldı. Bu ağır və lazımlı proses dövlətçilik təcrübəsi və milli maraqlar üzərinə gətirildi. Bununla da Silahlı Qüvvələrimizin quruculuğunun keyfiyyətcə yeni dövrü başlandı. Bu dövrün əsasını isə Heydər Əliyevin Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti qoydu. Bu gün Azərbaycan xalqının, dövlətinin və müstəqilliyinin çətin anlarını əks etdirən həmin müraciətin səsləndirilməsinin 30 ili tamam olur.
Ümummilli lider Heydər Əliyev bu müraciətində müstəqil Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan ordunun böhran vəziyyətinə gətirilməsinin səbəblərini geniş şəkildə xalqımıza çatdırdı. Eləcə də bu sahədə ortaya çıxan çətinlikləri dərindən təhlil edərək yeni silahlı qüvvələrimizin yaradılması üçün xalqın və dövlətin qarşısında dayanan vəzifələrdən bəhs etdi. Proqram xarakteri daşıyan bu müraciətin ana xəttini bütün xalqımızın, ölkə iqtisadiyyatının Azərbaycana yönəlmiş erməni təcavüzünün qarşısının alınmasına səfərbər olunması təşkil edirdi.
Prezident Heydər Əliyev təəssüflə qeyd edirdi ki, Azərbaycanın müdafiə qüvvələri hələ formalaşmayıb və ölkənin qarşılaşdığı ağır hərbi böhranın əsas səbəblərindən biri də güclü ordunun olmaması idi. Müraciətdə aydın şəkildə Azərbaycanda ordunun təşkil edilməsinin səbəblərini açıqlanır, bu sahədə yol verilmiş nöqsanlara qeyd edilir və ordunun qurulması işinin, onun təkmilləşdirilməsinin yolları göstərilirdi. Ulu öndər deyirdi ki, güclü ordunun qurulması uzun sürən prosesdir. Dahi şəxsiyyət ölkənin müdafiəsini üzərinə götürməyə qadir olacaq Silahlı Qüvvələrin bir neçə ay ərzində qurula biləcəyini qeyri-mümkün hesab edirdi. Heydər Əliyev bu sahədə dövlətin və xalqın qarşısındakı vəzifələri geniş şəkildə şərh edərək, həyata keçirilməli olan işlərin dövlətçilik əhəmiyyətini diqqətə çatdırdı.
Prezident qətiyyətlə bildirirdi ki, ordunun qurulması və möhkəmləndirilməsi üçün müxtəlif siyasi qüvvələrin bu prosesə yersiz müdaxilələrinin qarşısı alınmalı, onların öz iddialarını həyata keçirmək üçün silahlı qurumlar yaratmaq təcrübəsinə son qoyulmalıdır. Yəni, Heydər Əliyev ordunun dövlətin rəhbərliyi ilə qurulmalı olduğunu, bu prosesin qanun və prinsiplərinə düzgün əməl edilməsinin vacibliyini vurğulayırdı.
Yüksək sərkərdəlik qabiliyyətinə malik olan Heydər Əliyev ordu quruculuğunun aparılmasının qanunlarından biri olan mənəvi-ideoloji məsələlərin uğurlu həlli üçün bir sıra vacib və zəruri təklifləri irəli sürərək bu sahədə istər dövlətin, istərsə də cəmiyyətin üzvlərinin qarşısındakı vəzifələri müfəssəl şərh edirdi. Cəmiyyətdə yeni mənəvi-psixoloji mühitin formalaşdırılması üçün hər bir şəxsin vətəndaşlıq borcuna toxunmaqla yanaşı, o, ölkə miqyasında müəyyən tədbirlərin görülməsi barədə məsələlər qaldırırdı.
Heydər Əliyev yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün bütün xalqı vahid məqsəd ətrafında səfərbər olmağa çağırırdı.
Heydər Əliyev düşünürdü ki, respublikanın hər bir vətəndaşı Qarabağ müharibəsinin uğurla başa çatdırılması üçün faydalı iş görə bilərdi və bu, onların vətəndaşlıq borcuna çevrilməli idi. Dövlət rəhbəri diqqətə çatdırırdı ki, kim cəbhəyə yollanmalıdır, kim onların və ailələrinin qayğı ilə əhatə olunmasına kömək etməlidir, kim də döyüşçülərin mənəvi əhval-ruhiyyəsinin yüksəldilməsi üçün öz xidmətini göstərməlidir.
Ümummilli Lider Heydər Əliyev daha sonra müdafiə qüvvələrinin möhkəmləndirilməsi üçün Azərbaycanda mənəvi-psixoloji vəziyyətin dəyişdirilməsi zərurətinə toxundu. Heydər Əliyev hesab edirdi ki, respublika ictimaiyyətinin ayrı-ayrı təbəqələri də buna tərəfdardırlar. Ölkə rəhbərliyinə ünvanladıqları təklif və məktublarında bu məqsədlə daha ciddi və əməli tədbirlərin görülməsinin vaxtı çatdığını vurğulayırdılar.
Heydər Əliyev bu müraciətində birmənalı şəkildə ordu quruculuğunun dövlətin rəhbərliyi altına gətirilməsinin, ordu daxilində mühitin sağlamlaşdırılmasının, onun rəhbər heyətinin seçilməsinə diqqətin artırılmasının, çağırış və səfərbərlik işinin yeni səviyyəyə qaldırılmasının, struktur dəyişikliklərinin aparılmasının, ordunun xalqın qayğısı ilə əhatə olunmasının zəruriliyini qeyd edirdi.
Həmin müraciət Ermənistanın hərbi təcavüzünün başladığı gündən dövlət rəhbəri səviyyəsində Azərbaycan xalqını mübarizəyə səsləyən, Vətən müharibəsinə səfərbər olmağa çağıran ilk çağırış idi. Bu müraciət Azərbaycan xalqında böyük əks-səda doğurdu, cəmiyyətdə canlanma yaratdı və dövlətimizin başçısının çağırışlarını cəmiyyətin əksər təbəqələri müdafiə etdi.
Bütünlükdə, Ümummilli Lider Heydər Əliyevin bu tarixi müraciəti hərb quruculuq sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan əsaslı vəzifələrə toxunan proqram xarakterli çıxış idi. Məhz həmin müraciətdən sonra çox böyük sürətlə Azərbaycanda yeni ordunun qurulmasına başlandı. Qısa zaman kəsiyində bu istiqamətdə aparılan işlərin mühüm nəticələri özünü göstərməyə başladı. 1994-cü ilin yanvarında Füzuli istiqamətində, həmin ilin aprelində Ağdam-Tərtər istiqamətində əldə edilən hərbi uğurlar Azərbaycan Ordusunda keyfiyyət dəyişikliyinin göstəricisinə çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikaya rəhbərliyi dövründə isə bu uğurlar daha böyük sürətlə artdı. Azərbaycan Silahlı Qüvvələri bölgənin lider ordusuna çevrilməklə, həm də dünyanın ən güclüləri sırasında yer aldı. Məhz Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixli müraciətindən sonra yenilənməyə başlanan bugünkü Azərbaycan Ordusu respublikanın ərazi bütövlüyünü və bütün ərazilərdə ölkəmizin suverenliyini təmin edən Silahlı Qüvvələrə çevrildi..

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts