Tokio, 6 iyul , /AJMEDIA/
Cari il iyulun 5-də Yaponiya Azərbaycana “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyini təsdiq edən bildirişi göndərib.
AJMEDIA Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, beləliklə, 27 dekabr 2022-ci il tarixində imzalanmış Konvensiyanın qüvvəyə minməsi üçün bütün zəruri prosedurlar tamamlanıb.
Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, Konvensiya 4 avqust 2023-cü il tarixində (sonuncu bildirişin alındığı tarixdən sonra otuzuncu gün) qüvvəyə minmiş hesab olunacaq. Konvensiyanın Yaponiyada vergi ili əsasında tutulan vergilərə münasibətdə, 1 yanvar 2024-cü il tarixindən və ya ondan sonra başlayan hər vergi ili üçün olan vergilərə şamil ediləcəyi bildirilir.
Azərbaycanda isə mənbədən tutulan vergilərə münasibətdə, 1 yanvar 2024-cü il tarixində və ondan sonra əldə edilmiş gəlirlərə görə vergilərə, həmçinin digər vergilərə münasibətdə, 1 yanvar 2024-cü il tarixində və ondan sonra başlayan hər vergi ili üçün tutulan vergilərə tətbiq olunacaq.
Bildirilir ki, vergilərin tutulduğu tarixdən və ya vergilərin aid olduğu vergi ilindən asılı olmayaraq məlumat mübadiləsi və vergilərin yığılmasında yardım haqqında müddəalar 4 avqust 2023-cü il tarixindən qüvvəyə minəcəkdir.
Konvensiyanın tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq olar.
Yapon dilində: https://www.mofa.go.jp/mofaj/files/100524881.pdf
İngilis dilində: https://www.mofa.go.jp/mofaj/files/100524882.pdf
Vüqar Ağayev