Azərbaycan Prezidentinin demokratik dəyərlərə üstünlük verməsi ölkənin ümumi inkişafına yeni təkan verdi

Tokio, 10 mart , /AJMEDIA/

Müasir dövrümüzdə demokratik dövlət olmadan cəmiyyətin davamlı inkişafı mümkün deyil. Demokratiya isə cəmiyyətin maraqlarına xidmət etməyə yönəlmiş dövlət quruculuğu üçün əvəzolunmaz şərtdir. Təbii ki, demokratiya bir anda yaradılmır. Bunun üçün dövlət-vətəndaş münasibətlərini yeni səviyyəyə yüksəldəcək islahatların dərinləşdirilməsi qaçılmaz zərurətdir. Siyasi müstəqiliyimizin bərpasından ötən müddət ərzində davamlı islahatlar həyata keçirən Azərbaycan bu sahədə böyük uğurlara imza atması ilə fərqlənir. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci il martin 10-da VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışında bu mühüm məqama xüsusilə toxunaraq, bütövlükdə ölkəmizin inkişafına dair çox mühüm, önəmli fikirlər səsləndirmiş və dəyərli tövsiyələri mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar daimi inkişaf yolunu təsdiq edir və yeni çağırışlara cavabdır. Həmçinin bunlar dövlətin davamlı inkişafını təmin etmək, yeni çağırışlara adekvat cavab vermək, eyni zamanda, idarəetmə sistemini təkmilləşdirmək bacarığıdır. Siyasi müstəqilliyini bərpa etdikdən sonra yeni çağırışlarla qarşılaşan Azərbaycan da islahatlar yolunu tutdu. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar ölkənin simasını kökündən dəyişdirdi. Növbəti islahatlar dalğasının başlanacağının anonsu isə 2018-ci ildə verildi. Məhz həmin il aprelin 18-də andiçmə mərasimində Prezident İlham Əliyev islahatların yeni dalğasını elan etdi və bununla da ölkənin ictimai-siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlandı. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində Azərbaycanda demokratiya quruculuğu sahəsində 15 illik təcrübənin olduğunu, siyasi mübarizə fenomeninin özünün düzgün istiqamətdə inkişaf etdiyini bildirdi.
Bu gün Azərbaycanda hakimiyyətin bütün qollarında – qanunvericilik, icra və məhkəmə sistemlərində islahatlar aparılır, prosesin sadələşdirilməsi məqsədilə yeni hüquqi aktlar qəbul edilir. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi, hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından başlayaraq daha da intensiv həyata keçirilir. İslahatların ən mühüm nəticəsi ondan ibarətdir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası sayəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikada inkişaf edir. Ötən müddət ərzində aparılan siyasət öz bəhrəsini verir. Azərbaycan digər sahələrdə – orduda islahatların aparılmasında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, həmçinin təhsil sahəsində islahatların aparılmasında inkişafı davam etdirib.
Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların başlandığını isə Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində bildirmişdi. Dövlətimizin başçısı parlamentin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdi. Seçkilərdə bütün siyasi qüvvələrin iştirak etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev diqqətə çatdırmışdı ki, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini əldə edib və siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.
2020-ci il seçkilərindən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm də müavin seçilmələri bu baxımdan xüsusi qeyd edilməlidir. Əlbəttə, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin ölkəmizin qarşısında ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, xalqın əksər hissəsini siyasi sistemin daha da demokratikləşməsinə səfərbər etməyi bacardı. Beləliklə, Azərbaycan Prezidentinin demokratikləşmə istiqamətində etdiyi seçim ölkəmizin hərtərəfli inkişafına yeni təkan verdi.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts