Azərbaycan Prezidenti: Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını təcəssüm etdirir

Tokio, 18 mart , /AJMEDIA/

Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır.

AJMEDIA xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.

“Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. “Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik”, – deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts