Tokio, 16 iyun , /AJMEDIA/
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri Azərbaycan-Pakistan münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda bu səfər regiona təhlükəsizliyin və sülhün qorunması üçün mühüm amildir.
Təsadüfi deyil ki, Azərbaycana həmişə dost və qardaş münasibət bəsləyən Pakistan Ermənistan tərəfindən davam edən 30 illik işğal dövründə bu işğalçı ölkəni bir dövlət kimi tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb.
Eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün apardığı 44 günlük Vətən müharibəsi dövründə də Pakistan beynəlxalq hüququn, haqq-ədalətin yanında yer aldı, Azərbaycan torpaqlarının işğalına birmənalı şəkildə qarşı çıxıb. Vətən müharibəsi dövründə Pakistanın Azərbaycana yanaşması dost-qardaş münasibətləri kontekstində olub.
Bu gün də Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. Həmçinin Azərbaycanın Pakistanla əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxşaxəlidir. Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri müxtəlif təlimlərdə və beynəlxalq tədbirlərdə birlikdə iştirak edirlər. Prezident İlham Əliyev ölkəmizlə Pakistan arasındakı hərbi əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi ilə bağlı açıqlama verdi ki, bu da böyük əhəmiyyətə malikdir. Ümumilikdə Azərbaycanın Pakistan kimi müasir silahlara və güclü hərbi qüdrətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində aparılan danışıqlar zamanı Pakistanın Baş naziri, həmçinin Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh bağlayacağı təqdirdə bərpa edəcəyini də dilə gətirib. Onun bu sözləri Azərbaycanda ifadə etməsi, eyni zamanda, Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etməsi çox önəmli diplomatik mesajlardan biridir.
Vüqar Ağayev