Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

Tokio, 23 iyun , /AJMEDIA/

Vyetnamın Vunq Tau şəhərində keçmiş Sovet İttifaqı və Vyetnam hökumətləri tərəfindən 1981-ci ildə yaradılmış “Vietsovpetro” şirkətinin 250 milyon ton neft hasil etməsi münasibətilə bayram tədbiri təşkil olunub.

Ölkəmizin Vyetnamdakı səfirliyindən AJMEDIA-ya bildirilib ki, tədbirdə Ba Ria-Vunq Tau əyalətinin rəhbərləri, “PetroVietnam” şirkətinin nümayəndələri, səfir Şövqi Mehdizadə və SOCAR-ın yüksəkvəzifəli nümayəndələri, Rusiya nümayəndə heyəti, həmçinin “Vietsovpetro”nun veteran neftçiləri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin “Vietsovpetro” şirkətinin baş direktoru Vu May Xan ilə görüşündə əlamətdar hadisənin tarixi əhəmiyyəti qeyd edilib, Azərbaycan-Vyetnam dostluğunun möhkəm təməlinin olduğu vurğulanıb.

Qeyd olunub ki, iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin keçmiş Sovet İttifaqının neft paytaxtı olan Bakıya səfəri ilə başlayıb. Bu səfər, həmçinin Vyetnam və Azərbaycan xalqları arasında dostluğun başlanğıcı hesab olunur. Bunun ardınca bir çox azərbaycanlı neft mütəxəssisi Vyetnama ezam olunub, xeyli sayda vyetnamlı gənc ovaxtkı Azərbaycanda Neft Akademiyasında təhsil alıb.

“Vietsovpetro” şirkətinin yaradılmasından qısa müddət sonra – 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi Sovet nümayəndə heyəti bu ölkəyə səfər edib. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və Sovet (o cümlədən Azərbaycan) neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkib. Vyetnam xalqının böyük dostu Heydər Əliyevin səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırılan 10 il əvəzinə cəmi bir il ərzində hasil edilib.

Diqqətə çatdırılıb ki, sözügedən hadisələrə həsr olunmuş, tarixi sənədlər və xatirələr əsasında hazırlanmış Ulu Öndərin Vyetnama səfəri haqqında filmin tezliklə vyetnamca nümayişi planlaşdırılır. Bundan əlavə, Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin aidiyyəti qurumları tərəfindən iki xalq arasında sıx əlaqələrə möhkəm zəmin yaratmış Prezident Ho Şi Minin Azərbaycana səfəri ilə bağlı tarixi sənədlər əsasında kitab və film hazırlığı istiqamətində işlər davam edir.

Görüş zamanı bu ilin Prezident Ho Şi Minin Bakıya səfərinin 65-ci ildönümü kimi əlamətdar olduğunu vurğulanıb. Qeyd olunub ki, bu xüsusda keçiriləcək müxtəlif tədbirlər, o cümlədən səfirlik tərəfindən Bakıda təşkil olunacaq tədbirlərdə Azərbaycan-Vyetnam dostluğunun əsasını qoyan hər iki xalqın liderləri – Heydər Əliyev və Ho Şi Minin və bugünkü 250 milyon tonluq mərhələnin təməlini qoyanların xatirəsi ehtiramla yad ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts