Azərbaycan mülki aviasiyası 86 yaşını qeyd edir

Tokio, 2 iyun , /AJMEDIA/

Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür.

AJMEDIA mülki aviasiyamızın 86 illik fəaliyyətinə nəzər salıb.

XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış boşluq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb.

Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyəti dövründə müxtəlif islahatlar həyata keçirilib. Yenidənqurma işləri nəticəsində təyyarə parkının modernləşdirilməsi işi aparılıb.

Ulu Öndərin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar milli aviasiya tarixində yeni mərhələ açıb, onun yeni sürətli inkişaf dövrü başlanıb. Mülki aviasiyaya böyük investisiyalar qoyulub və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıqlar alınaraq respublikaya gətirilib. Avropa ilə Asiya arasında hava nəqliyyatında mühüm məntəqələrdən olan Bakı şəhərində müasir beynəlxalq aerovağzal kompleksi də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və fövqəladə səyləri nəticəsində 1999-cu ildə öz qapılarını dünyaya açıb.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ hava limanları yenidən qurulub. Bununla yanaşı, azadlığa qovuşmuş ərazilərdə Füzuli, Zəngilan beynəlxalq hava limanları tikilib, Laçın beynəlxalq hava limanının inşası isə davam etdirilir.

AZAL bu gün və sabah…

Mülki aviasiya işçilərinin fəaliyyəti dövlətimizin başçısının diqqətindən kənarda qalmır. Təsadüfi deyil ki, onların peşə bayramı ərəfəsində – iyunun 1-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən mülki aviasiya sahəsində xidmətlərinə görə 13 nəfər orden və medalla təltif edilib, 6 nəfər isə Azərbaycan Respublikasının fəxri adlarına layiq görülüb.

Azərbaycan milli aviadaşıyıcısı – AZAL fəaliyyətini təkmilləşdirməyə, yeniliklər etməyə davam edir. Belə ki, şirkət A320neo və A321neo laynerləri daxil olmaqla 12 “Airbus” təyyarəsi üçün sifariş verib. AZAL və “Boeing” 8 ədəd “787 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. 2022-ci ildə alınan “AirbusA320Neo” tipli 3 hava gəmisi əldə olunub.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL mülki aviasiyanın ən nüfuzlu assosiasiyası – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, hazırda bu aeroportdan 35 aviaşirkət 30-a yaxın ölkəyə və ya 80-ə yaxın istiqamətə uçuş həyata keçirir. Qeyd edilib ki, “Air Montenegro” həftədə iki dəfə olmaqla Tivatdan Bakıya və əks istiqamətdə reyslər yerinə yetirəcək. Həmçinin, iyul ayından etibarən Latviyanın “Air Baltic” aviadaşıyıcısı həftədə 3 dəfə Riqa-Bakı-Riqa marşrutu üzrə reyslər həyata keçirməyi planlaşdırır.

“Bununla yanaşı, Bakıdan artıq uçuş həyata keçirən aviadaşıyıcılar yeni istiqamətlər təklif edir və ya mövcud istiqamətlər üzrə uçuş tezliklərini artırır. Məsələn, iyun ayından etibarən Bakı hava limanından Batumi, Bişkek, Buxarest, Sofiya, Bodrum, Dalaman və Maskat kimi şəhərələrə müntəzəm uçuşlar başlayacaq.

Bundan başqa Türkiyənin populyar kurort şəhərləri – Antalya, İzmir, Trabzon, Dalamana uçuşların tezliyi artırılır. “Wizz Air Abu Dhabi”, “Air Arabia”, “FlyDubai”, “Gulf Air”, “Kuwait Airlines” və “Jazeera Airlines” aviaşirkətləri tərəfindən Əbu-Dabi, Şarja, Dubay şəhərlərinə, Bəhreyn və Küveytə həftədə 80-dən çox müntəzəm reys təklif olunur. Həmçinin, Frankfurt, Tivat, Astana, Moskva, Sankt-Peterburq, Ufa, Tümen, Surqut və Soçi şəhərləri də uçuş tezliklərinin artdığı istiqamətlər sırasındadır”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Həmçinin vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman istər klassik aviaşirkətlərlə, istərsə də loukosterlərlə əməkdaşlığı genişləndirməyə çalışır: “Bu məqsədlə, hava limanı daim infrastrukturun təkmilləşdirilməsi və yeni tərəfdaşların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzərində işləyir. Gələcəkdə də sərnişinlər üçün səyahətlərə daha da əlçatanlığın təmin olunması məqsədilə Bakı aeroportundan uçuş həyata keçirəcək aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması planlaşdırılır”.

Bu gün təkcə Bakıdan deyil, həm də hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, sərnişinlərə daha sərfəli səyahət variantları təklif etmək üçün yeni aviaşirkətlərin, xüsusilə də aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması istiqamətində fəal şəkildə işlər görülür.

AZAL-dan isə bildirilib ki, sərnişindaşıma sahəsində mütəmadi olaraq aksiyalar həyata keçirilir. Belə ki, 2023-cü ildə 14 aksiya, 2024-cü ilin ilk yanvar-aprel ayılarında 7 aksiya ictimaiyyətə təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts