Tokio, 27 sentyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Azərbaycan Moskvada keçirilən ənənəvi mədəniyyət festivalında təmsil olunub
Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində keçirilmiş 8-ci Moskva Regional Milli Mədəniyyətlər Festivalında Azərbaycan diasporu uğurla iştirak edib.
“Moskva vilayəti – dostluq ərazisi” adlı festival vilayətin İnformasiya və Sosial Rabitə Nazirliyinin və Mıtişçi şəhər dairəsi administrasiyasının birgə dəstəyi ilə təşkil olunub.
Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə “Yauza” Mədəniyyət Evi qarşısında qurulmuş Azərbaycan stendində xalqımızın zəngin mədəni irsini, adət-ənənələrini, milli mətbəxini, milli dekorativ-tətbiqi sənətini əks etdirən nümunələr nümayiş etdirilib. Azərbaycan bayraqlarının əhatəsində milli rəqslərimiz təqdim edilib.
Tədbirdə çıxış edən Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti İdarə Heyətinin sədri Elşən İbrahimov xalqımızın adət-ənənələrini, mədəniyyətini və mətbəxini nümayiş etdirmək imkanı yaratdığına görə Moskva vilayəti hökumətinə təşəkkür edib. “İcmamızın Rusiya cəmiyyətinə inteqrasiya etməklə yanaşı, öz milli kimliyini qoruyub saxlaması vacibdir”, – deyə bildirib.
Azərbaycan guşəsinə maraq göstərən yerli sakinlərə ölkəmiz barədə ətraflı məlumat verilib və suallar cavablandırılıb. Ziyarətçilər Azərbaycan mətbəxinin təamlarına və şirniyyatlarına qonaq ediliblər.