Azərbaycan – Litva münasibətləri – hazırkı durum və gələcək perspektivlər

Tokio, 25 may , /AJMEDIA/

Bu gün yalnız Cənubi Qafqaz regionunda deyil, həm Avrasiya məkanında söz sahibi olan Azərbaycanın beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Prezident İlham Əliyevin bu əlaqələri daha da möhkəmləndirmək üçün müxtəlif ölkələrə ardıcıl səfərləri bu fikrimizi tamamilə təsdiqləyir.
Cari il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsi, baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya sahələrində və hüquq-mühafizə oranları üzrə bir sıra mühüm sənədlər imzalanıb.
Xatırladaq ki, Azərbaycan-Litva iqtisadi əlaqələrinin zəngin tarixi var. Hələ keçmiş Sovet İttifaqı dövründən bu respublikalar arasında iqtisadi-mədəni əlaqələr yüksək səviyyədə olub. Müstəqillik dövründə Litva bizim müstəqilliyimizi tanıyan ilk respublikalardan biridir. 2007-ci ildə ölkələrimiz arasında strateji əməkdaşlıq haqqında dövlətlərarası saziş imzalanıb. Hazırda dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 41 sənəd mövcuddur. Ötən il ölkələrimiz arasında iqtisadi dövriyyə 32 milyon 911 min dollar həcmində olub. Belə bir göstərici deməyə əsas verir ki, Litva–Azərbaycan iqtisadi əlaqələrinin geniş potensialı var və onun inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur.
Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat-kommunikasiya və digər sahələrdə layihələr ölkəmizə marağı getdikcə artırır. Bütün dünyanın böyük maraq göstərdiyi bərpaolunan enerji layihələri də bunlardan biridir. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində hər iki ölkədə bu enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi də aparılıb. Bununla yanaşı, ölkəmizin nəqliyyat-logistika sahəsində müasir infrastruktura malik olması ərazilərimizdən keçən tranzit yüklərin həcmini ildən-ilə artırmağa şərait yaradır. Cənubi Qafqazı regionunu Baltikyanı ölkələr ilə birləşdirən nəqliyyat marşrutları da ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməyə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Litva birgə səylərlə bu layihələri həyata keçirməklə uğurlu əməkdaşlığı artırmaq imkanına malikdir.
Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verə biləcəyi töhfələr çoxdur. Belə ki, Litva Avropa İttifaqının təhsil səviyyəsi üzrə ən inkişaf etmiş ölkəsidir. Burada ali təhsilli gənclərin sayı 56 faizdən yuxarıdır və bu göstəriciyə görə, Litva Avropa İttifaqında lider mövqedədir. Litvada 7 Azad İqtisadi Zona fəaliyyət göstərir ki, bu zona investisiya mühiti və Avropa İttifaqı bazarlarına çıxış əldə etmək üçün çox əlverişli bir məkandır. Bu, bizim sahibkarlar və qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün Avropa bazarlarına çıxışa əlverişli şərait yarada bilər.
Son səfər zamanı Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlıq potensialının kifayət qədər böyük olduğunu qeyd etdi. Bildirdi ki, bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə – Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin Günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir.
2022-ci ilin iyulunda Avropa Komissiyası və Azərbaycan arasında Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz təchizatı iki dəfə artırılması planlaşdırılır. Əgər 2021-ci ildə Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olmuşdusa, cari ildə bu göstərici 12 milyard kubmetrə çatdırılacaq. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Avropanın etibarlı təchizatçısı olan Azərbaycan bu gün həmin ölkələrə neft, təbii qazı və elektrik enerjisi ixrac edir. Ölkəmiz həmçinin Avropaya yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bununla yanaşı, logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı var. Daşımalar sektoru yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti mövcuddur. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bunu əsas götürərək Xəzər və Baltik regionları arasında şəbəkə qurulmasına xüsusi diqqət yetirilməlidir. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Hazırda əsas hədəf şaxələndirməni həyata keçirməkdir. İqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığı azalması ölkənin inkişafına mühüm təkan verəcəkdir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts