Tokio, 10 iyul, /AJMEDIA/
Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarının ikinci günü iqlim dəyişikliklərinə qarşı mübarizə, dekarbonizasiya, yaşıl enerji texnologiyaları və davamlı inkişaf üçün həllər kimi mövzular əsas müzakirə mövzuları sırasındadır. Xüsusilə qeyd edilib ki, hazırda dünya əhalisinin 10 faizinin elektrik enerjisinə çıxışı yoxdur və 2 milyard insan hələ də elektrik enerjisi yoxsulluğu içərisində yaşayır.
AJMEDIA xəbər verir ki, “COP29-dan COP30-a gedən yol” adlı podium diskussiyasında Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında COP29-da iqlim maliyyəsi üçün qəbul edilmiş qərarlar, eləcə də əhalinin elektrik enerjisi ilə təminatı üçün görülən işlərdən danışıb.
Bildirilib ki, Afrika ölkələri və inkişaf etməkdə olan kiçik ada ölkələri kimi zəif inkişaf etmiş ölkələrdə elektrik enerjisinə çıxışın təmin olunması iqlim diplomatiyasının əsas istiqamətləri sırasındadır. COP29 çərçivəsində donor ölkələrə, beynəlxalq maliyyə institutlarına və çoxtərəfli inkişaf bankları ilə iş aparılır ki, bu sahələrə maliyyə dəstəyi göstərmək üzrə öhdəliklərini yerinə yetirsinlər: “Eyni zamanda, Dünya Bankı bu sahədə əsas rol oynayır – bank sektoru vasitəsilə Afrikada 300 milyon insana elektrik təmin etməyi hədəfləyən iri layihəni həyata keçirmək niyyətindədir”.
Diqqətə çatdırılıb ki, belə bir layihənin qəbul edilməsi asan, lakin icrası olduqca mürəkkəbdir.
M. Babayev vurğulayıb ki, COP29 sonrası dövrdə və digər maraqlı tərəflər üçün bu proqramların həyata keçirilməsi daha vacib olub. Bu səbəbdən 2025-ci il ərzində və COP tədbiri çərçivəsində Braziliyada aparılan aylıq müzakirələr daha çox icra məsələlərinə yönələcək. Çünki Dubayda enerji keçidi ilə bağlı böyük proqram, Bakıda isə iqlim maliyyəsi ilə bağlı irimiqyaslı proqram qəbul olunub. O bildirib ki, Bakıda əldə olunan nəticələr xüsusilə maliyyə məsələləri baxımından mühüm əhəmiyyət daşıyır. İndi hərəkətə keçmək, qəbul edilmiş proqramları icra etmək vaxtıdır: “Bakıda, həmçinin “Bakıdan Belemə Yol Xəritəsi” adlı proqram da qəbul olunub. COP29 və COP30 komandaları birgə şəkildə 2035-ci ilə qədər mövcud 301,3 trilyon dollarlıq maliyyə boşluğunu necə doldurmaq barədə xüsusi yol xəritəsi hazırlamalıdır.
Bu proqramda biz Braziliya ilə birlikdəyik. Braziliyalılar müxtəlif mənbələrdən – dövlət sektorundan, özəl sektordan, çoxtərəfli inkişaf banklarından, beynəlxalq maliyyə institutlarından, Cənub-Cənub əməkdaşlığından və digər mümkün investisiya mənbələrindən maliyyə arxitekturasının qurulması üzərində işləyirlər”.