Tokio, 25 iyul , /AJMEDIA/
Azərbaycan sivil dünyanın tərəqqipərvər ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutur və planetimizin qədim dövlətlərindən biri olan Çinlə də müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməyə üstünlük verir. Təsadüfi deyil ki, iki dost ölkə arasında həm siyasi, həm hərbi, həm iqtisadi, həm mədəniyyət və həm də digər sahələrdə sıx əlaqələr dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq bu gün də uğurlu şəkildə davam etdirilir və həyata keçirilir.
Azərbaycan Prezident İlham Əliyevin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən və bu münasibətlərin inkişafında Ulu öndər Heydər Əliyevin xidmətlərindən, əyani şəkildə həyata keçirdiyi fəaliyyətdən, eyni zamanda, iki ölkə arasında əlaqələrin dayanıqlılığı məsələlərindən geniş bəs olunub. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bird aha təsdiq edir. Bu münasibətlərin genişlənməsində dövlətlərimizin başçıları arasındakı dostluq münasibətləri xüsusi rol oynayır. Artıq neçə ildir ki, Çin və Azərbaycan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşulub.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafının iki xalqın mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlər siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bəyan edib. Təbii ki, Azərbaycan da “Vahid Çin” prinsipini dəstəklədiyini açıq şəkildə bəyan edir. Hazırda Çinlə iqtisadi cəhətdən əməkdaşlıq durmadan genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif şirkətləri iştirak edirlər. Eyni zamanda, Çin ilə Azərbaycan arasında əməkdaşlığın daha bir konkret təzahür forması var ki, bu da qədim İpək yolunun bərpası ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.
Hazırda dünyanın dövlətlərarası münasibətlərdə balansı qorumaq, xarici siyasət kursunda qarşılıqlı dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Çoxvektorlu və praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz kimi mürəkkəb bir regionda yerləşən Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövqeyini gücləndirmək üçün çox ağıllı və çevik, eyni zamanda, uzaqgörən siyasətin müəllifi kimi artıq kifayət qədər yaxşı tanınıb. Hazırkı mürəkkəb geosiyasi şəraitdə Şimal-Cənub, Şərq-Qərb, Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiya vektorları üzrə həmahəngliyi təmin etmək, regional və qlobal xarakterli proseslərin dərin xarakter aldığı xəritədə milli maraq və mənafeləri qorumaq böyük müdriklik, yüksək məharət tələb edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərblə Şərqin maraqlarının kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir və bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Digər tərəfədn Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi boşluğu doldurmaqadadır.
Rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüskarlıqda bərabər niyyət və məramlarla çıxış edir.
Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsində, Şərq-Qərb təhlükəsizlik və əməkdaşlıq dəhlizinin formalaşmasında maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlıdırlar və bu işdə ciddi iradə nümayiş etdirirlər. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.
Beləliklə, bu iki dost ölkədə siyasət və həyat çox oxşardır. Hər iki xalqın rifahna xidmət edən fəlsəfəmiz də eynidir və böyük uğurların əldə edilməsnə xidmət edir. Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin milli mənafelərinə tamamilə uyğun gəlir və xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir.
Vüqar Ağayev