Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu Yaponiya KİV-in diqqət mərkəzindədir

Tokio, 19 iyul , /AJMEDIA/

İyulun 18-də Bakıda imzalanan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Yaponiya kütləvi-informasiya vasitələrinin (KİV) tərəfindən geniş işıqlandırılıb.
AJMEDIA xəbər verir ki, Yaponiyanın nüfuzlu NHK telekanalı, Kyodo News və JIJI PRESS agentlikləri, “Nikkei” qəzeti, “ajmedia.jp” portalı və digər mətbu orqanları sənədin Aİ ölkələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Yapon və ingilis dilində yayılan məqalələrdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığının artıq 15 ilə yaxın tarixi olduğu qeyd edilir. Gürcüstan və Türkiyə üzərindən keçməklə Avropaya çatdırılan Azərbaycan neftinin və qazının həmin ərazidəki ölkələrin enerji təminatı üçün əhəmiyyəti böyükdür.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Aİ-nin şaxələndirilmiş enerji təminatı və bu işdə Azərbaycanı etibarlı tərəfdaş kimi yüksək qiymətləndirməsi yazılarda xüsusi ilə vurğulanır. Aİ rəsmisinin Azərbaycanın bərpaolunan enerji sahəsində də çox böyük potensiala malik olduğunu qeyd etməsi məqalə və yazılarda öz əksini tapır.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını vurğulayan Ursula Fon der Lyayenin sözlərindən yazılarda sitat gətirilib: “Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts