Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri genişlənir

Tokio, 20 iyun, /AJMEDIA/

İyunun 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, görüşdə komitə sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik dostluq, qardaşlıq əlaqələri mövcuddur və hazırda bu, strateji müttəfiqlik səviyyəsindədir. Xalqlarımız hər zaman dərin hörmətə əsaslanan mehriban qonşuluq şəraitində yaşayıblar.

A.Əmiraslanov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin dinamik inkişaf etdiyini deyərək, iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının uğurla fəaliyyət göstərdiyini, parlament komitələri arasında səmərəli əlaqələrin qurulduğunu vurğulayıb.

Komitə sədri, həmçinin dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimizin iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələrin regionun iqtisadi inkişafı və qlobal inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Gürcüstan parlamentinin üzvü Anton Obolaşvili səfərin qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi və dərinləşdirilməsi məqsədi daşıdığını qeyd edib. O, ölkələrimiz arasında enerji, nəqliyyat, logistika və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib. A.Obolaşvili Gürcüstanın Azərbaycanla müxtəlif istiqamətlərdə əlaqələrin möhkəmlənməsinə böyük maraq göstərdiyini deyib, parlament müstəvisində əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini səsləndirib. Qonaq, həmçinin regionda sülhün bərqərar olmasında birgə səylərin önəmindən danışıb.

Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Aydın Hüseynov, Zaur Şükürov, Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze, komitənin aparat rəhbəri Davit Giorqadze də çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Çıxışçılar siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində əməkdaşlığın vacibliyindən söz açıblar.

Söhbət zamanı parlament əlaqələrinin inkişafı, biznes-forumlarının təşkili, enerji, nəqliyyat-kommunikasiya sahələrində yeni layihələrin reallaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts