Tokio, 07 iyul, /AJMEDIA/
Qara dəniz sahilində yerləşən, Ukraynanın əsas turizm mərkəzlərindən olan Odessada həyata keçirilən layihələr Azərbaycan-Ukrayna münasibətlərinə mühüm töhfə verir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, hazırda Odessada salınması planlaşdırılan “Azərbaycan” parkı bu təşəbbüslər sırasında xüsusi yer tutur. Odessa meri Qennadi Truxanovun razılığı ilə icrasına başlanılan bu layihəyə diaspor nümayəndələri də maliyyə dəstəyi göstərirlər. Sahəsi 3 hektardan çox olacaq parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən məlumat guşələri, muzey, uşaqlar və böyüklər üçün istirahət zonaları, idman sahələri, həmçinin “Azərbaycan” fotozonasının yaradılması nəzərdə tutulur. Şəhər ictimaiyyəti bu layihəni yüksək dəyərləndirir və parkın həm şəhər sakinləri, həm də turistlər üçün maraqlı məkan olacağına inanır.
“Bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onun uğurları, qəhrəmanları, bu illər ərzində Ukrayna ilə Azərbaycan arasında olan əlaqələr haqqında məlumat verəcək. Ümid edirəm ki, park şəhərimizin bəzəyinə çevriləcək”, – deyə Odessa Milli İqtisadi Universitetinin professoru Mixail Zveryakov bildirib.
Bununla yanaşı, “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə Odessada Ukraynanın ən böyük məscidlərindən birinin tikintisi həyata keçirilir. Ümumi sahəsi 2758 kvadratmetr olan kompleksdə kişi və qadınlar üçün ayrı ibadət zalları, mərasim otaqları, qonaq evi və digər funksional bölmələrin yaradılması nəzərdə tutulub. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev tikinti işlərinin tamamlanma mərhələsində olduğunu deyib.
Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə şəhərin mərkəzində yerləşən məsafə nişanları sırasında artıq Gəncə şəhərinin adı da yer alıb.
Qeyd edək ki, Gəncə və Odessa 2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı qardaşlaşmış şəhərlər olaraq elan edilib. Bu cür təşəbbüslər həm şəhərlərarası əlaqələrin güclənməsinə, həm də Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılmasına xidmət edir.