Tokio, 27 noyabr , /AJMEDIA/
Barselona şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının “Planetdəki həyatın məhdudiyyətləri qarşısında iqtisad elminin səsi” mövzusunda beynəlxalq seminarı keçirilib. Seminarda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov “Ölkələrin iqtisadi inkişafının sosial nəticələrinin qiymətləndirilməsi səviyyəsi” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AJMEDIA-ya institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi Azərbaycanın timsalında ölkələrin sosial inkişafının qiymətləndirilməsi üçün intuitiv qeyri-səlis sosial dayanıqlılıq və sosial keyfiyyət modellərini təqdim edib. O qeyd edib ki, təqdim olunan modellər ilk dəfə sosial inkişafın qiymətləndirilməsində həyata keçirilib. Bu yanaşma ölkələrin iqtisadi inkişafının sosial nəticələrinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Sosial dayanıqlılıq və sosial keyfiyyət indeksləri sosial-iqtisadi sistemin fəaliyyətinin daha geniş təhlilini mümkün edir. Sosial sistemin göstəricilərinin qeyri-müəyyənliyini nəzərə alaraq intuitiv qeyri-səlis məntiq nəzəriyyəsi alətlərinin tətbiqi ilə ölkədə sosial tərəqqinin səviyyəsini şərh edən daha obyektiv nəticələr əldə edilib.
Konfransda İspaniya, İtaliya, Moldova, Əlcəzair, Lüksemburq, Serbiya, Yunanıstan, Meksika və digər ölkələrin alimləri ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.