Azərbaycan ərazilərində heç kimin sifarişi ilə “dövlət” yaradıla bilməz

Tokio, 18 fevral , /AJMEDIA/

Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən və suverenliyi bütün ölkə ərazisində təmin olunduqdan sonra keçirilən ilk inauqurasiya mərasimində Prezident İlham Əliyev yalnız ölkə üçün deyil, region dövlətlərinə və dünya güclərinə Azərbaycanın gələcək yol xəritəsinin əsas nüanslarını açıqladı. Prezident Azərbaycanın qarşıdakı 7 ildə aparacağı siyasətin qırmızı xətlərindən birinin Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində işlərin intensivləşdirilməsi, bölgənin geosiyasi görünüşünün dəyişdirilməsi, infrastruktur quruculuğu, soydaşlarımızın doğma yurdlarına qaytarılması prosesinin davam etdirilməsi olduğunu bildirdi. Artıq hər kəs, istər Azərbaycan xalqı, istərsə də beynəlxalq aləm Prezident İlham Əliyevin sözünün bir imza olduğunu bildiyi üçün fevralın 14 də açıqlanan bir sıra istiqamətlərin də yaxın zamanlarda reallaşacağına əmindir.

Bunu AJMEDIA-a açıqlamasında “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

QHT sədri xatırladıb ki, Prezident İlham Əliyev 6 il bundan öncə, 2018-ci ildə keçirilən andiçmə mərasimində çıxışı zamanı qarşıya qoyduğu hədəflərdən danışaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini və ölkəmizdə separatizmə son qoyacağını bəyan etmişdi. İki ildən sonra Vətən müharibəsində tarixi Qələbə əldə olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Təbii ki, müharibəyə kimi Azərbaycan bu problemin beynəlxalq hüququn normaları çərçivəsində, beynəlxalq diplomatiyanın imkan yaratdığı etik normalar gözlənilərək həll olunması üçün əlindən gələni etsə də, rəsmi Bakının bütün çağırışları havada qaldı. Beynəlxalq aləmin ikili standartları nəticəsində müharibə yeganə çıxış yolu oldu. Azərbaycan döyüş meydanında öz qanı, canı bahasına ərazilərini separatçı ünsürlərdən təmizlədi.

İndi isə Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində işlərin intensivləşdirilməsi, bölgənin geosiyasi görünüşünün dəyişdirilməsi, infrastruktur quruculuğu, soydaşlarımızın doğma yurdlarına qaytarılması prosesinin anonsunu verərək, bunun üçün nə gərəkdirsə tezliklə reallaşacağını bəyan etdi.

V.Hüseynlinin sözlərinə görə, Prezident İlham Əliyevin Xankəndidə hərbi paradı qəbul etməsi, ardınca seçkilərdə Xankəndidə səs verməsi region ölkələrinə, xüsusilə Ermənistana yönəlmiş bir mesaj idi: “Prezident Xankəndidə səs verərək, dünyaya bir daha bəyan etmiş oldu ki, Azərbaycan Respublikasının ərazisində istənilən xalqın nümayəndəsi yaşaya bilər, ancaq bu torpaqlarda heç kim özünə xarici qüvvələrin sifarişi ilə dövlət qura bilməz və rəsmi Bakı buna heç vaxt icazə verməz”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts