Tokio, 12 yanvar , /AJMEDIA/
“Azəristiliktəchizat” ASC fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində abonentlərin və isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi layihəsinə start verib.
ASC-dən AJMEDIA-ya bildirilib ki, “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilən əhali və qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlər barədə məlumatların, həmçinin isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi məqsədilə cəmiyyətin əməkdaşları tərəfindən istehlakçıların inventarizasiyasının aparılması nəzərdə tutulur. İnventarizasiyanın aparılması işlərinə cəmiyyətin peşəkar işçiləri cəlb edilib və müvafiq qaydada təlimatlandırılıb, cəmiyyətdə işləmələrini təsdiq edən vəsiqələrlə təmin edilib.
Prosesə Bakı şəhərində 22 İstilik Sistemləri İstismar Sahəsi, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələrinin əməkdaşları cəlb olunub.
Layihə “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri və respublikanın regionlarında balansında olan 3871 yaşayış binasını əhatə edən 180 minə yaxın mənzil, 2851 büdcədən maliyyələşən və ya sosial və digər təyinatlı təsərrüfat obyektlərini əhatə edəcək.
“Azəristiliktəchizat” ASC vətəndaşlara müraciət edərək, mənzillərdə isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi aparılarkən cəmiyyətin əməkdaşlarına müvafiq şəraitin yaradılmasını xahiş edib.