“AzərEnerji” Ulu Öndərin 100 illiyi ilə əlaqədar Cəbrayılda 16 hektar meyvə bağı salıb

Tokio, 13 aprel , /AJMEDIA/

Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində tikintisi yekunlaşmaqda olan 330 kilovoltluq “Cəbrayıl” Qovşaq yarımstansiyası “AzərEnerji” tərəfindən işğaldan azad olunan ərazilərdə tikilən ən böyük enerji obyekti olmaqla bərabər, həm də ətraf mühitə xüsusi töhfə verən enerji obyekti olması ilə fərqlənəcək.
“AzərEnerji” nin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, “Cəbrayıl” Enerji qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ağacəkmə və bağsalma aksiyası keçirilib. Ermənilər tərəfindən xarabalığa çevrilən Cəbrayılda 15 min ədəd xurma və zeytun ağacı əkilib. Damcı suvarma sistemi qurulub, artezian quyusu qazılıb, 200 kubmetr su hovuzu və su nasos stansiyası tikilib.
Ulu Öndərin yaşıllaşdırma ənənəsinə sadiq qalmaqla keçirilən ağacəkmə aksiyasının həm də Böyük Qayıdışla bilavasitə bağlılığı var. Qeyd edək ki, 16 hektar ərazidə salınan 14 min ədədi xurma ağacından ibarət böyük meyvə bağı burada işləyəcək əməkdaşlar arasında bərabər şəkildə bölünəcək.
“Cəbrayıl” Enerji qovşağında 16 əməkdaş çalışacaq, onların da hamısı Cəbrayıldandır. Böyük Qayıdış siyasətinə uyğun olaraq 16 cəbrayıllının burada işi və yarımstansiyanın inzibati binasında qalmaq yeri ilə yanaşı, həm də hər birinin bir hektarlıq meyvə bağı olacaq.
Xatırladaq ki, “AzərEnerji” tərəfindən bu günə kimi, işğaldan azad edilən ərazilərdə 25-ə yaxın enerji obyekti tikilib və 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq öz rayonunda işlə təmin edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts