Tokio, 24 iyul , /AJMEDIA/
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando Quartas Ayala Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Bu barədə AJMEDIA-ya Komitədən məlumat verilib.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdə qonağa Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həmçinin Azərbaycan Diasporuna Dəstək Fondu haqqında ətraflı məlumat verilib. F.Muradov Komitənin təkcə xaricdə yaşayan azərbaycanlılarla deyil, eyni zamanda, Azərbaycana dost münasibəti bəsləyən ölkələrlə də iş apardığını bildirib.
Ötən ilin avqustundan ölkəmizdə fəaliyyətə başladığını söyləyən səfir Luis Fernando Quartas Ayala Kolumbiya ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açıb. O, bundan sonrakı fəaliyyətində Komitə ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
Görüşdə birgə layihələrin, müxtəlif sahələr üzrə mübadilə proqramlarının gerçəkləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.