Tokio, 1 mart , /AJMEDIA/
Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panamanın xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İdarəsindən AJMEDIA-ya bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər çıxışlarında Azərbaycanın və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib. Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumatlandırılıb.
Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesindən danışıb.
Nazir Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib. Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfra endirilməsi sahəsində geniş təcrübəsini bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. Belə təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.