Tokio, 16 oktyabr, /AJMEDIA/
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) işə başlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AJMEDIA-ya bildirilib ki, tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Dörd ildən bir BTİ-yə üzv olan 194 ölkədən nümayəndələrin iştirakı ilə keçirilən konfrans (WTSA-24) telekommunikasiya/İKT-nin inkişafı üçün standartları müəyyən edir. Həmçinin BTİ-nin Telekommunikasiya üzrə Standartlaşdırma Bürosunun fəaliyyətinin gələcək istiqamətlərini təsbit edir. Konfrans çərçivəsində bu xüsusda daha əvvəl qəbul edilmiş müvafiq qətnamə və tövsiyə sənədlərinə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur. Konfrans informasiya və kommunikasiya texnologiyalarının (İKT) qlobal infrastrukturunda müəyyənedici elementlər kimi çıxış edən beynəlxalq standartları hazırlamaq üçün dünyanın hər yerindən sahə üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirir.
“Növbəti rəqəmsal dalğa: inkişaf etməkdə olan texnologiyalar, innovasiyalar və beynəlxalq standartlar” mövzusuna həsr olunan “GSS-24” tədbirində “İnnovasiyanın gələcəyini yaradan sənaye və hökumət liderləri” panelində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev çıxış edib.
Mövzu üzrə müzakirələr zamanı nazir müavini bu sahədə Azərbaycanda görülən işlər, layihələr, rəqəmsallaşma və innovasiya sahəsində digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafından danışıb.
Eyni zamanda tədbir iştirakçıları cari ilin 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı və RİNN tərəfindən birgə təşkil olunacaq “Yaşıl dünya naminə rəqəmsal fəaliyyət” yüksəksəviyyəli tədbirində iştiraka dəvət olunublar.