Azərbaycanın Malayziyadakı səfirliyində maraqlı görüş keçirilib

Tokio, 16 fevral, /AJMEDIA/

Azərbaycanın Malayziyadakı səfirliyinin sosial media hesablarında maraqlı xəbər yer alıb.

AJMEDIA xəbər verir ki, “Bu gün istedadlı azyaşlılar səfirliyimizdə qonaq olub” adlı paylaşımda deyilir: “Kuala Lumpurda fəaliyyət göstərən “Taman Melavati 2” ibtidai məktəbinin bir qrup şagirdi səfirliyimiz tərəfindən nəşr edilmiş “Azərbaycanı Boyalarla Öyrənək!” adlı boyama kitabında öz bacarıqlarını sınayıblar.

Məktəblilər kitabda verilmiş Azərbaycanın milli-mədəni irsini əks etdirən nümunələri öz təxəyyüllərinin gücü ilə təsəvvür edərək rəngləyiblər.

Bu məktəblilər arasında xüsusi yaradıcılıq qabiliyyətləri ilə seçilən şagirdlərdən Ariana Khadeeja Binti Saiful Nizam, Suri Aaliyah Binti Hazruddin, Dhiya Amanee Binti Azlan və Muhammad Rayyan Hakeem B. Mohd səfirliyin həvəsləndirici mükafatlarına layiq görülüblər. Səfirliyin üçüncü katibi Səbinə Yolçuyeva məktəbliləri səfirliyin inzibati binası və burada nümayiş olunan Azərbaycan mədəniyyətinə məxsus eksponatlarla tanış edib: “Pandemiya məhdudiyyətləri səbəbindən təəssüf ki, iştirakçı olan bütün məktəblilərlə səfirliyimizdə görüşə bilmədik. Taman Melavati məktəbinin şagirdlərini və onların əzmkar müəllimləri Fatin Izzati Hussin Pakri və Azlan Bin Şafeiyi təbrik edir, belə bir nəcib təşəbbüsə görə onlara təşəkkürümüzü bildiririk!”.

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə azyaşlılar üçün “Coloring and Exploring Azerbaijan” (“Azərbaycanı boyalarla öyrənək”) adlı boyama kitabı nəşr olunub. Malayziyalı məktəblilər və səfirliyin akkreditə olduğu digər ölkələrdə – Tailand Krallığı, Bruney Darüssəlam və Myanmada yaşayan həmvətənlərimizin övladları üçün nəzərdə tutulmuş vəsaitdə Azərbaycanın tarixi-mədəni irsinə aid təsviri nümunələr yer alıb.

Azyaşlılar kitab vasitəsilə Azərbaycanın Şuşa qalası və Qız qalası kimi tarixi abidələri ilə tanış olmaqla yanaşı, Alov qüllələri kimi müasir memarlıq nümunələrini də öyrənirlər. Həmçinin Xarıbülbül, Azərbaycanın qədim musiqi alətlərindən tar, kamança və qaval, Qarabağ atı, Novruz bayramı, nağıl qəhrəmanlarından Göyçək Fatma və Cırtdan, eləcə də milli-tarixi geyimlərimiz kimi tematik təsvirləri rəngləyərək Odlar Yurduna səyahət edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts