Azərbaycanı zəfərlərdən zəfərlərə aparan Yeni Azərbaycan Partiyası

Tokio, 21 noyabr, /AJMEDIA/

Qazandığı böyük uğular nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda ölkədə aparılan geniş miqyaslı sosial-iqtisadi islahatlar vətəndaşların gündəlik həyatında, ölkənin iqtisadi göstəricilərində əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti, nəinki iqtisadiyyatın həmin sahələri üzrə mühüm əhəmiyyət kəsb edən beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarıb, eyni zamanda Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Artıq Vətən müharibəsində qazanılan parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam və qəti şəkildə bərpa edilib. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.

Aparılan bu davamlı inkişaf xətti Ulu öndər Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyəti dövrünü əhatə edir. Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü tamam olur. Otuz bir ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Bu gün YAP, nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilib. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyub.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Partiyanın Sədri, Prezident İlham Əliyevin YAP-ın qurultay və konfranslarında proqram xarakterli çıxışları, tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunur. YAP-ın bu çağırışlar və tövsiyələr nəticəsində formalaşan fəaliyyəti onun yalnız ölkə daxilində deyil, həmçinin regional çərçivədə xilas missiyasına öz töhfələrini verməkdədir. Məhz bu missiyadan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də dövlətimizin başçısının təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın yeni proqramında öz əksini tapmışdır.

Eyni zamanda, Azərbaycanın əldə etdiyi möhtəşəm Qarabağ zəfərinin bölgədə yaratdığı yeni reallıqlar ölkəmizin regionun lideri statusunu təsdiqləyib və möhkəmləndirib. İqtisadi və siyasi müstəqilliyini gündən-günə gücləndirən Azərbaycanın xarici tərəfdaşlarının sayı da durmadan artır, ən aktual, qlobal əhəmiyyət daşıyan məsələlərlə bağlı ölkəmizin, onun rəhbərliyinin mövqeyi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların marağına səbəb olur.
Təbii ki, bu amillər Azərbyacanın xarici siyasətinin davamı olaraq YAP-ın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə də öz müsbət təsirini göstərir. Partiyanın VII qurultayında qəbul olunan struktur dəyişiklikləri, yeni Nizamnamə və YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiqedilmiş partiyanın yeni Proqramı Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP-ın yeni daxili və xarici stuasiyaya uyğunlaşması, zamanla ayaqlaşması baxımından olduqca mühüm addımlar olmuşdur.

Həmçinin, partiyanın xarici əlaqələrinin genişləndirilməsi yönündə mühüm səfərlər, tədbirlər baş tutmuş, sənədlər imzalanmışdır. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci il iyun ayının 2-də imzalanmış əməkdaşlıq protokolu ilə yeni mərhələyə qədəm qoymuşdur. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il əyani və videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir.

Bundan əlavə, 2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2002-ci ildə YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur.

Həmçinin, 2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Eyni zamanda, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur.

Bununla yanaşı, YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

İstər ikitərəfli müasibətlərdə, istərsə də iştirak etdiyi beynəlxalq tədbirlərdə YAP mütəmadi olaraq Azərbaycan həqiqətlərini, Qarabağın dirçəldilməsi idtiqamətində həyata keçirilən nəhəng layihələri təbliğ edir, hərtərəfli, dayanıqlı inkişaf, multikulturalizm, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması, COVİD-19 pandemiyası və onun sosial-iqtisadi nəticələri ilə uğurlu mübarizə, ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid və digər aktual mövzularda ölkəmizin təcrübəsini bölüşür.
Beləliklə, beynəlxalq nüfuzu artan, xarici əlaqələri genişlənən Yeni Azərbaycan Partiyası ölkəmizin milli maraqlarının müdafiə və təmin olunmasına öz töhfələrini verməkdədir.
Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası son 32 ildə şərəfli yol keçərək monolitliyini qorumuş, güclənmiş, öz üstünlüyü, parlaq qələbələri ilə həm ölkə daxilində, həm də xaricdə böyük nüfuz qazanmışdır. YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə YAP-ın qazandığı qələbələr bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ilə xalq-iqtidar birliyinin təcəssümüdür.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts