Tokio, 8 noyabr , /AJMEDIA/
Bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyük coşqu və təntənə ilə qeyd edir. Çünki bu möhtəşəm bayramı doğma Xankəndimiz, Xocalımız, bütün Qarabağımız, yəni bütün Azərbaycan qeyd edir. Üç il öncə Vətən müharibəsi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və yüksək siyasi iradəsi, möhtəşəm sərkərdəlik bacarığı, ordumuzun gücü, xalqımızın sıx və sarsılmaz birliyi ilə erməni işğalına son qoyuldu. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu.
Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Bu Böyük Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərə Allahdan şəfa diləyir, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə fəxr edirik. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən müharibəsində xalqımızın bütün bölgələrindən olan oğulları böyük şücaət göstərdilər. On minlərlə igidimiz könüllü olaraq döyüşə getdi, müqəddəs torpaqlarımızın erməni işğalından azadlığı uğrunda mərdliklə vuruşdu.
Vətən müharibəsində erməni terrorundan döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhər və rayonlar – Gəncə, Bərdə və digər ərazilərə də böyük ziyan dəydi. Həmin yaşayış məntəqələrinin dinc sakinləri bu terror əməllərinin qurbanı oldu. Amma belə qanlı əməllər xalqımızın vətənsevər nümayəndlrəini qətiyyən qorxutmadı. Tarixən qəhrəmanlar yurdu olan Azərbaycan əhalisi bu dəfə də düşmənin qarşısında mərdliklə dayandı.
Prezidentimiz İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında qələbə qazandı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmaq niyyətində deyil və barışmadı da. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə, suverenliyinə tam və qəti şəkildə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən xalq kimi tanındı.
Müharibə dövründə hamı bir yumruq kimi birləşdi. “Dəmir yumruq” milli birliyimizin və gücümüzün rəmzinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanı özünün dogma Vətəni sayanlar görünməmiş həmrəylik nümayiş etdirdilər.
Məhz bu milli birliyin nəticəsidir ki, son 3 ildə qələbələrimiz davamlı oldu. Bu il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eləcə də, bu il sentyabrın 19-20-də ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da, suverenliyimiz tam təmin olundu. Oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağının ucaldılması milli birliyimizin təntənəsinə çevrildi.
İndi bizim qarşımızda böyük çağırışlar dayanır. Bunlardan ən birincisi talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara yenidən həyatı qaytarmaqdır.
Tam əminliklə deyə bilərik ki, döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirəcək. Heç kim şübhə etmir ki, Azərbaycanı daha xoşbəxt, uğurlarla bol gələcək gözləyir.
Vüqar Aağayev