Tokio, 12 aprel, /AJMEDIA/
Aprelin 11-də Bakıda Azərbaycanın kosmik sənaye nüfuzunu artırmaq məqsədilə yaradılmış Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində akademik fəaliyyət göstərən regionun ilk KOSMİK Akademiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, öncə KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov media nümayəndələri üçün məlumat turunda buradakı fəaliyyət barədə ətraflı məlumat verib.
İ.Muxtarov qeyd edib ki, Kosmik Akademiyanın yerləşdiyi məkan “Azərkosmos”un bu sahəyə baxış konsepsiyasına uyğun hazırlanıb. Binanın girişində əks olunmuş qadın astronavt fəzaya baxır, keçmişə bağlı qalmaqla nəzərləri gələcəyə istiqamətlənib. Bu “Azərkosmos”un fəaliyyətində gender bərabərləyinə verdiyi dəyəri göstərir. Digər otaqlara keçid kosmik sahədə inkişafa uyğun qurulub. Girişdən “Artemis” adlı otaqda gənclər Ayda aparılan tədqiqatlar və otağın adına uyğun NASA-nın Aya qayıdış layihəsini əks etdirir. İkinci otaq Beynəlxalq Kosmik Stansiyanın artıq keçmiş olduğunu əks etdirir. Belə ki, 2030-cu ildə Beynəlxalq Kosmik Stansiya fəaliyyətini dayandıracaq. Bundan sonrakı otaqda bütün kosmik texnologiyalar, xüsusilə peyklərin inkişaf tarixi əks olunub. Bu otağın konsepsiyasında gələcəkdə mövcud olacaq “kosmik hab” yerləşir. Daha sonra astronavtların qidalanma mərkəzində kosmosda istifadə olunan qida nümunələri, hətta “kosmik dondurma” nümunələri var. Ən sonuncu otaqda Kosmik Akademiyanın təhsil təqviminin təsis olunduğu, kosmik layihələrin ərsəyə gəldiyi otaq yerləşir.
İmran Muxtarov bildirib ki, Kosmik Akademiya yeni kosmik nəsil gənclərin yetişməsi üçün bu cür layihələrin davamlı keçirilməsinə imkanlar yaradacaq. Hətta gələcəkdə beynəlxalq kosmik müsabiqələrin milli model əsasında ölkəmizdə keçirilməsi üçün artıq imkanlar var. Buna misal olaraq “İsrail Kosmik Agentliyi” (ISA) ilə əməkdaşlıqda “Beynəlxalq Kosmik Olimpiada”, “Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu” ilə əməkdaşlıqda “Beynəlxalq Kosmik Poster Müsabiqəsi”, Beynəlxalq Kosmik Təhsil Şurası (ISEB) ilə əməkdaşlıqda “Kosmik Sahədə Beynəlxalq Tələbə Təcrübə Mübadiləsi” kimi təşəbbüsləri göstərmək olar.
Kosmik Akademiyanın konsepsiyasının hazırlanmasında Beynəlxalq Kosmik Təhsil Şurasına (ISEB) üzv olan 10 beynəlxalq kosmik agentliyinin (NASA, ESA, JAXA, UAESA və s.) akademik fəaliyyəti nəzərdən keçirilib. ISEB-in məqsədi elm, texnologiya, o cümlədən müxtəlif STEM fənləri üzrə kosmosla bağlı savadlılığı artırmaq, daimi və assosiativ üzv olan akademiyalar arasında genişləndirilmiş əməkdaşlıq mexanizmini təmin etmək, kosmik proqramların gələcək işçi qüvvəsi ehtiyaclarını dəstəkləməkdir.
Kosmik Akademiya 5 əsas vəzifəni icra edəcək. Akademiya fiziki fəaliyyəti ilə bərabər, rəqəmsal olaraq da dünyanın, ən əsası regionun dost ölkələrinin 21 tanınmış universitetinin (Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Nazarbayev Universiteti, Turin Politexnik Universitetinin Daşkənd kampusu və s.) təqdim etdiyi onlayn kosmik platformalar ilə əməkdaşlığı nəzərdə tutulub.
Sonra “Azərkosmos”un Marketinq və korporativ kommunikasiya departamentinin direktoru Fidan Behbudova Azərbaycanın kosmik tarixi barədə məlumat verib. O, qeyd edib ki, milli kosmik sənayenin yaranması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet dövründə hakimiyyətdə olduğu illərə təsadüf edir. Ulu Öndər hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasına başladı. “50 il sonra ölkəmizdə 2023-cü ildə Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresinə yenidən ev sahibliyi etdi. Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunub. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak ediblər. Artıq ölkəmizdə kosmik sənayə sahəsində kadr potensialının inkişafı, gənclər arasında bu sahəyə artan maraq sevindiricidir”, – deyə F.Behbudova əlavə edib.
İmran Muxtarov Kosmik Akademiyanın layihələri və gələcək hədəfləri barədə təqdimatla çıxış edib. O, qeyd edib ki, bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komanda 632 elmi məqalə ilə qoşulub. Bu il Azərbaycan elmi məqalələrin sayına görə digər ölkələr arasında ABŞ-dan sonra ikinci yerdə gəlir.
İ.Muxtarov “Azərkosmos”un Braziliyanın Kosmik Agentliyi ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə məktəblilərin “Milli Peyk İnnovasiya Müsabiqəsi” barədə də ətraflı məlumat verib.
Beləliklə, şərqdən qərbə uzanan İpək Yolunun üzərində yerləşən Azərbaycanın kosmik qovşağa çevrilməsində kosmik sənayenin və ekosistemin ayrılmaz tərkib hissəsi olan “Azərkosmos”un nəzdindəki Kosmik Akademiyanın müstəsna rolu olacaq.