Tokio, 29 may , /AJMEDIA/
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin icrasına başlayır.
İctimai Birlikdən AJMEDIA-ya bildirilib ki, layihənin əsas məqsədi Azərbaycandakı mina və partlamamış hərbi sursatların yaratdığı problemlərin donor ölkələrin və təşkilatların diqqətini cəlb etmək və onlardan mina problemlərinin həllinə maliyyə yardımının artırılmasına nail olmaqdır.
Layihənin yekununda hazırlanacaq hesabatda problemin miqyası, minaların təmizlənməsindəki uğurlara və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarının səmərəliliyi, insanların mina və partlamamış hərbi sursatların qurbanı olmasının səbəbləri, beynəlxalq birliyin Azərbaycandakı bu problemə münasibətinin göstərilməsi nəzərdə tutulub. Hesabatın ingilis dilində hazırlanmış mətni elektron poçt vasitəsilə donor ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə, 1997-ci ildə Nobel sülh mükafatını almış “Piyadalar əleyhinə minaların qadağan olunması uğrunda beynəlxalq kampaniya – Kasetli silahlara qarşı koalisiya” təşkilatının üzv olduğu və əməkdaşlıq etdiyi 1400 QHT-yə e-maillə göndəriləcək.
Hazırlanmış hesabat dünyada minalara və partlamamış hərbi sursata qarşı aparılan fəaliyyətə dair mövcud olan “Landmine Monitor Report”, “Cluster Munitions Report”, “Mine Action Review” layihələrinin redaksiya heyətlərinə də göndəriləcək. Bundan başqa, minalara qarşı fəaliyyətə görə, Nobel sülh mükafatı almış xanım Jody Villiyamsın başçılıq etdiyi “Qadın Nobel mükafatçılar” təşkilatına da hesabatın göndərilməsi planlaşdırılır.
İcra müddəti 4 ay olan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.