Tokio, 11 aprel , /AJMEDIA/
Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır və onun siyasətini dəstəkləyir Azərbaycanın dünya birliyindəki nüfuzu ildən-ilə artır, mövqeyi güclənir, əlaqələri daha da genişlənir. Bu gün ölkəmiz Cənubi Qafqazda lider dövlətə, dünyada isə nüfuzlu söz sahibinə çevrilib. 2020-ci il noyabrın 10- da Ermənistan üzərindəki tarixi Qələbəmizin rəsmiləşdirilməsindən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Ermənistanın 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinə 44 gün ərzində son qoyulması Azərbaycanın reytinqini daha da yüksəltməklə yanaşı, onun dünya dövlətləri arasında nüfuzunun artmasına mühüm təkn verib. Müharibədən yenicə çıxmış bir ölkənin Qələbədən bir həftə sonra işğaldan azad edilmiş ərazilərimizdə dərhal yenidənqurma və tikinti-bərpa işlərinə başlaması Azərbaycanın həm də iqtisadi gücünün göstəricisidir. Bütün bu uğurlara Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi kurs sayəsində nail olunub.
Prezident İlham Əliyevin rəhbərliyi son 20 ildə həyata keçirilən daxili və xarici siyasət sayəsində Azərbaycanın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir. Bu illər ərzində əhalinin rifah halı yaxşılaşdırılmış, pensiyalar, əmək haqları, sosial müavinətlər artırılmış, siyasi, iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanılıb. Məhz bu uğurlara görə də 2018-ci il oktyabrın 11-də keçirilən prezident seçkilərində xalq yenidən İlham Əliyevə etimad göstərdi. Həmin seçkilərdən sonra dövlətimizin başçısı qarşıya qoyduğu vəzifələri açıqlayaraq demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
Həmin il növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər sırasında Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoyulması üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatların sürətləndirilməsi məqsədilə çevik idarəetmənin qurulması, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılması, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi xüsusi yer tutur. Həmçinin yarannmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki idi. 2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etmiş, seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74,3 faiz iştirak etmişdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin -86,02 faiz səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.
Bu prezident seçkilərindən ötən dövrdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi daha da inkişaf edib. Xarici siyasətdə qazanılan uğurlar ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasında mühüm rol oynayıb. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdı.
Qeyd etmək yerinə düşər ki, 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri radikal qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri olmadığını bir daha təsdiq etdi. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu seçkilərdə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatları dəstəklədiyini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycanda demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. hazırda uğurla davam etdirilən müstəqil dövlət siyasəti nəticəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Ölkədə başlayan genişmiqyaslı islahatlar bütün sahələri əhatə edbi. Xalq öz Prezidentinə inanır və onun ətrafında sıx birləşib. Bu həmrəylik və birlik – 44 günlük Vətən müharibəsində özünü daha açıq şəkildə büruzə verdi.
Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə sentyabrın 27-də bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. Bu gün Azərbaycan bütün sahələr üzrə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Prezident İlham Əliyev xalqımızı milli ideya ətrafında sıx birləşdirib. Ölkəmizdə azərbaycançılıq məfkurəsi tam bərqərar olub. Bu gün Azərbaycanda dövlət idarəçiliyi və respublikamızın müdafiəsi etibarlı əllərdədir.