Azərbaycan və Qazaxıstan arasında əlaqələr bütün sahələr üzrə dinamik inkişaf edir

Tokio, 12 aprel , /AJMEDIA/

Azərbaycan türk dövlətləri ilə münasibətlərinə daim xüsusi önəm verib və bu, bu gün də ölkəmizin xarici siyasətində prioritet təşkil edir. Müntəzəm xarakterli yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına böyük təsir göstərir. Təbii ki, eyni kökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu əlaqələrin təməlini təşkil edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında formalaşmış və ənənəvi xarakter almış dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirmək lazımdır. Dövlət başçıları səviyyəsində son illər təşkil olunan qarşılıqlı səfərlər bu münasibətləri daha da genişləndirib. İki ölkə arasında mövcud dostluq əlaqələri beynəlxalq səviyədə də inkişaf edir. Buna misal olaraq Türk Dövlətləri Təşkilatını xüsusi qeyd etmək lazımdır.
Hazırda iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Qazaxıstan investisiyalı 182 kommersiya qurumu Azərbaycanda qeydiyyatdadır. Bu ölkədən Azərbaycana 102,2 milyon dollar, ölkəmizdən isə Qazaxıstana 205,2 milyon dollar investisiya qoyulub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 598,47 milyon dollar olub. Neft və neft məhsullarının ticarəti sahəsində də əməkdaşlığı uğurlu hesab etmək olar. Belə ki, Qazaxıstan mənşəli xam neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına daşınır. Həmçinin Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, bu ölkənin xam neftinin dünya bazarına təchizatı həyata keçirilir. Ümumilikdə isə bütün sahələrdə qardaş ölkə ilə əlaqələrimiz çox yüksək səviyyədədir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi baş tutdu. Bu, Azərbaycanın Ümummilli Liderinə, onun xalqına, dəyərlərinə olan ən ali hörmətin, qardaşlıq münasibətinin bilavasitə təzahürüdür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Qazaxıstanla əlaqələrin qurulmasında və inkişafında, ümumiyyətlə, türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, həmrəyliyə nail olunmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin bu xidmətləri hər zaman qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Həmçinin qardaş ölkədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli film də çəkilib və nümayiş etdirilib. Bütün bunlar iki dost ölkə arasında münasibətlərin qardaşlıq səviyəsinə qalxdığını deməyə ciddi əsas verir.
Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts