Tokio, 24 avqust , /AJMEDIA/
Tarixən Azərbaycan və Özbəkistan rəhbərliyi arasında ikitərəfli görüşlər ardıcıl olaraq mehriban münasibətlər və qarşılıqlı hörmət şəraitində keçib. Avqustun2-3-də Özbəkistan Prezidenti Şavqat Mirzyoyevin rəhbərliyi ilə böyük nümayəndə heyətinin Azərbaycana son səfərində də həmin ssenari dəyişməz qaldı. Bu səfər, həmçinin Azərbaycan və Özbəkistan arasında gələcək illər üçün bütün sahələrdə səmərəli əməkdaşlığa yol açıb.
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə birgə mətbuat konfransı zamanı qeyd etdiyi kimi, artıq əldə edilmiş nəticələr hər iki ölkənin düzgün yolda olduğunu göstərir.
Bu səfərin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir”.
Səfər zamanı bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb. Şübhəsiz ki, bunların arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Müqavilə” ən mühümüdür. Bu müqavilə iki ölkə arasında hökumət səviyyəsində münasibətləri bütünlüklə yeni müstəviyə gətirmək məqəsədi daşıyır.
İkitərəfli danışıqlar çərçivəsində hər iki ölkənin liderləri sənaye sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bundan əvvəlki ayda Şuşa şəhərində hökumətlərarası komissiyanın iclası keçirilib və qarşılıqlı fəaliyyətin bütün miqyası hərtərəfli araşdırılıb. Bu baxımdan, tərəflər həm SOCAR, həm də “Özbəkneftqaz”ın sıx əməkdaşlığı davam etdirdiyi enerji sektorunda müsbət imkanların yarandığını qiymətləndiriblər. Nəqliyyat və logistika sahəsində də hər iki tərəf yük daşımalarında artımın və xüsusilə bu sahədə əməkdaşlıq potensialının genişlənməsinin vacibliyini bildiriblər.
Qeyd edək ki, bu il Özbəkistan və Azərbaycan 500 milyon dollar dəyərində investisiya fondunun yaradılmasına dair ikitərəfli saziş imzalayıblar. Prezident Ş.Mirziyoyevin Bakıya səfəri çərçivəsində aparılan danışıqlar zamanı tərəflər fondun kapitalının artırılması ilə bağlı razılığa gəliblər. 2023-cü il iyulun 1-nə Özbəkistanda Azərbaycanın 204 müəssisəsi (2017-ci ildə 71 olub) fəaliyyət göstərir. Cari ilin əvvəlindən 22 müştərək müəssisə yaradılıb. Bu fondun da iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaması, yeni birgə investisiya layihələrinin həyata keçirilməsinə dəstək verməsi və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayacağı gözlənilir.
“Əgər vaxt olsaydı, İlham Heydər oğlunun dediyi kimi, biz sizə bütün layihələrdən danışardıq. Amma məncə, əslində, hələ çox görüşlərimiz olacaq, onlar barədə sizə söhbət açacağıq. Bunlar münasibətlərin fərqli səviyyəsini, sənayenin lokallaşdırılmasının, nəqliyyat logistikasının müxtəlif səviyyələrini təmin etmək üçün çox ciddi layihələrdir. Çünki bu gün bizim üçün, Özbəkistan üçün iqtisadiyyatımızda ümumilikdə nəqliyyat sahəsi çox ciddi komponentdir. Biz isə öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu, yeganə düzgün qərardır. Əgər bu gün bizim razılaşdığımız hər şey yerinə yetirilsə, həm Özbəkistan, həm də Azərbaycan iqtisadiyyatları üçün uğurlu olacaq”, – deyə prezident Şavkat Mirziyoyev mətbuata açıqlamasında bildirib.
Prezident Ş.Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində baş verən digər əlamətdar hadisə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin istifadəyə verilməsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin özbək xalqı adından hədiyyəsi olaraq Füzulidə tikilən məktəb 960 şagird yerlik tutuma malikdir. Tikintiyə ötən il başlanmış və yüksək keyfiyyətlə başa çatdırılmışdır. 3 hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, altı laboratoriya, iki kompüter sinfi, beş funksional iş otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik bufet, kitabxana var. Futbol meydançası, istirahət və tədbirlər üçün yerlər, qaçış yolları, söhbət otaqları, keçid məntəqəsi, qazanxana, su çənləri, və məktəbin həyətində transformator yarımstansiyası tikilmişdir. Tikinti yüksək keyfiyyətlə aparılmışdır.
“Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”, – deyə Prezident İlham Əliyev birgə mətbuat konfransında bildirib.
Əslində, Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın yalnız bir neçə aspektinə diqqət yetirmək düzgün olmaz. Belə ki, Bakı və Daşkənd strateji tərəfdaşlığı davam etdirir, ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini daha geniş kontekstdə strateji səviyyə qaldırıb. İki ölkə arasında ən yüksək səviyyədə davam edən müntəzəm təmaslar bunu bir daha təsdiq edir. Prezident İlham Əliyev özbəkistanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında ilin sonuna kimi Özbəkistana səfər edəcəyini bildirib. Fikrimizcə bu, ikitərəfli münasibətlərin əhəmiyyətini daha da gücləndirəcək. Bu gün əldə olunmuş razılaşmaları nəzərə alsaq, demək olar ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafı parlaq olacaq və hər iki xalqa yalnız və yalnız fayda gətirəcək.
Vüqar Ağayev