Tokio, 3 aprel , /AJMEDIA/
Podqoritsa şəhərində Azərbaycan Respublikasının və Monteneqronun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Milislav Raspopoviç rəhbərlik ediblər.
Mələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda qarşı tərəf 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı məlumatlandırılıb.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Səfər zamanı F.Rzayev Monteneqronun digər rəsmi şəxsləri ilə də işgüzar görüşlər keçirib.