Tokio, 12 mart, /AJMEDIA/
Rusiya ilə Ukrayna arasında 2021-ci ilin fevralInda başlanan və hələ də davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə çox ciddi təhlükə yaradıb. Bu hərbi əməliyyat başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də narahat etməkdədir və onlar bu istiqamətdə müvafiq addımlar atmaq məcburiyyətindədirlər.
Məlum olduğu kimi, Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdırmağı planlaşıdrır. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddət ərzində qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.
Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə kimi Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətini heç kimdən gizlətmir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafına şərait yaradıb.
Həmçinin, 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Rumıniya ilə Azərbaycan arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu müqaviləyə əsasən, “Qara dəniz yaşıl kabel” layihəsi 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik kabelinin tikintisini hədəfləyir. Həmçinin bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq. Bütün bunlar Azərbaycanı Balkan yarımadası dövlətləri üçün etibarlı tərəfdaşa çevirib.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Bununla yanaşı, Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Əgər yaxın tarixə nəzər salsaq görərik ki, Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015 -ci ildən 2018-ci ilədək fasiləsiz olaraq hər il müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.
Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı zamanı Azərbaycanın xarici içlər naziri Ceyhum Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında keçirilən görüşdə qarşılıqlı faydalı əməkdaşlıöın inkişafı perspektivləri müzakirə edilib. Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.
Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında saziş də hazırda icra olunur.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur.
Əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə mühüm təsir göstərəcək.
Vüqar Ağayev